DÜNYA


İndoneziyada stadionda baş verən iğtişaşlarda həlak olanların sayı 174 nəfərə çatıb

Tokio, 2 oktyabr, AZƏRTAC

İndoneziyanın Şərqi Yava əyalətində futbol oyunu zamanı baş verən qarşıdurmada ölənlərin sayı 174 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə oktyabrın 2-də Şərqi Yava əyalətinin vitse-qubernatoru Emil Dardak məlumat verib.

Polisin yaydığı məlumata görə, şənbə günü baş verən və dünya futbol tarixinə ən qanlı hadisə kimi düşəcək hadisə nəticəsində həlak olanların sayı arta bilər.

Şərqi Yava polisinin rəisi Niko Afintanın mətbuat konfransında verdiyi məlumata əsasən, Kancuruhan stadionunda baş verən hadisədə qaydanı qorumağa çalışan iki polis əməkdaşı da həlak olub.

Xəbər verdiyimiz kimi, iğtişaş əyalətin paytaxtı Surabayadan olan “Persebaya” komandasının Malanqanın “Arema” komandası üzərində qələbəsindən sonra başlayıb. “Arema” klubunun qəzəblənmiş azarkeşləri meydana çıxaraq “Persabaya” klubunun üzvlərinə və rəsmilərə hücum ediblər.

Polis əməkdaşlarının azarkeşlərə qarşı gözyaşardıcı qazdan istifadə etməsi iğtişaşın daha da qızışmasına və sıxlığa səbəb olub. Polis rəisinin bildirdiyinə görə, stadionda olan 40 min azarkeşdən yalnız 3 mini meydançaya çıxaraq qarışıqlıq yaradıb.

İndoneziya Prezidenti Ciko Vidodo Milli Polis İdarəsinə, Gənclər və İdman Nazirliyinə və İndoneziya Futbol Assosiasiyasına oyunlar zamanı təhlükəsizliklə bağlı prosedurların araşdırılması barədə göstəriş verib. Ölkə başçısı, həmçinin hadisənin araşdırılması və vəziyyət sabitləşənədək futbol liqasının oyunlarının dayandırılması barədə tapşırıq verib.

“Baş verən faciə ilə əlaqədar çox təəssüfləndiyimi bildirirəm və ümid edirəm ki, bu, ölkəmizin futbol tarixində sonuncu faciə olacaq. Belə faciənin gələcəkdə bir daha təkrarlanmasına yol vermək olmaz”, - deyə C.Vidodo vurğulayıb.

Qeyd edək ki, 2023-cü ildə İndoneziya 20 yaşadək gənclər üzrə Dünya çempionatına ev sahibliyi edəcək. Həmçinin bu ölkə Avstraliya, Qətər və Cənubi Koreya ilə birlikdə Asiya kubokuna ev sahibliyi etmək iddiasındadır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.