DÜNYA
İndoneziyada zəlzələ nəticəsində həlak olanların sayı 310 nəfərə çatıb
Tokio, 25 noyabr, AZƏRTAC
İndoneziyanın Çiancur dairəsində baş vermiş 5,6 bal gücündə zəlzələ nəticəsində həlak olanların sayı 310 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Detik” portalı İndoneziya Təbii Fəlakətlərə Qarşı Mübarizə Xidmətinə istinadla məlumat yayıb.
Xidmətin rəhbəri Suxaryantonun cümə günü mətbuat konfransında səsləndirdiyi sözləri sitat gətirən portal yazıb: “Son məlumatlara görə, 310 nəfər həlak olub, daha 24 nəfər itkin düşmüş hesab olunur”.
Xatırladaq ki, noyabrın 21-də İndoneziyanın Qərbi Yava əyalətinin Çiancur dairəsində 5,6 bal gücündə zəlzələ baş verib. Bu ərəfədə zəlzələ nəticəsində 271 nəfərin həlak olduğu barədə məlumat yayılmışdı. Lakin axtarış-xilasetmə işləri nəticəsində həlak olanların sayı artmaqda davam edir. Təbii fəlakət səbəbindən 2300-dən çox evin tamamilə və ya əhəmiyyətli dərəcədə dağıldığı bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio