ELM VƏ TƏHSİL
İndoneziyanın ölkəmizdəki səfiri ADU-nun fəxri professoru adına layiq görülüb
Bakı, 5 iyul, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) elmi şurasının qərarı ilə İndoneziyanın ölkəmizdəki səfiri Hüsnan Bəy Fanani bu ali təhsil müəssisəsinin fəxri professoru adına layiq görülüb.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, bu münasibətlə keçirilən tədbirdə ADU-nun rektoru, akademik Kamal Abdulla ali məktəbdə müxtəlif ölkələrin dillərinin və mədəniyyətlərinin yüksək səviyyədə təbliğ olunduğunu söyləyib. Qeyd edilib ki, bu dillər və mədəniyyətlər sırasında İndoneziya dili və mədəniyyəti də xüsusi yer tutur.
Rektor 2007-ci ildən ADU-da İndoneziya dilinin tədris olunduğunu, 2010-cu ildən isə universitetdə İndoneziya Araşdırmaları Mərkəzinin fəaliyyət göstərdiyini bildirib. Vurğulanıb ki, ali məktəbin indoneziyaşünaslıq ixtisası üzrə təhsillərini başa vurmuş onlarla məzunu ölkəmizdə və xaricdə bu istiqamət üzrə yüksək səviyyədə çalışır. ADU-nun İndoneziya Araşdırmaları Mərkəzi İndoneziyanın universitetləri ilə sıx əməkdaşlıq edir.
K.Abdulla deyib: “Səfir Hüsnan Bəy Fananinin ADU ilə İndoneziya universitetləri arasında sıx əməkdaşlığın qurulmasında xüsusi xidmətləri var. Semestr ərzində səfir universitetin indoneziyaşünaslıq ixtisası üzrə təhsil alan tələbələrinə bu ölkənin siyasi kursu və siyasi sistemi fənlərini tədris edib. Eyni zamanda, Hüsnan Bəy Fanani dünyada tanınan alimlərdəndir. O, çox əhəmiyyətli kitabların müəllifidir və yazdığı əsərlər dünyada maraqla öyrənilir”.
Sonra Kamal Abdulla səfirə ADU-nun fəxri professoru diplomunu təqdim edib.
Hüsnan Bəy Fanani ADU-nun rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyədə davam etdiyini söyləyib. Qeyd edilib ki, Azərbaycan ilə İndoneziya arasında siyasi, iqtisadi, təhsil və digər sahələrdə çox yüksək səviyyədə əlaqələr qurulub və hazırda bu münasibətlər uğura davam etdirilir.
Qonaq İndoneziya və Azərbaycan universitetləri arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib və hər zaman ADU-ya dəstək göstərəcəyinə söz verib.
Sonda Hüsnan Bəy Fanani pianoda Azərbaycan və İndoneziya musiqilərini ifa edib.