İQTİSADİYYAT
“İnformasiya cəmiyyətinin təməli: Gənclər və Elektron Hökumət” layihəsi davam edir
Bakı, 10 yanvar, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilati dəstəyi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Elektron Hökumət Təlim-Tədris Mərkəzinin və Tələbələrin İqtisadiyyat və Menecmentlik üzrə Assosiasiyasının birgə təşkilatçılığı ilə həyata keçirilən "İnformasiya cəmiyyətinin təməli: Gənclər və Elektron Hökumət" layihəsi davam etdirilir.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində növbəti təlimlərə İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin dəstəyi ilə start veriləcək. İlk təlim Elektron Hökumət Təlim-Tədris Mərkəzində yanvarın 15-i saat 11:00-da keçiriləcək. Təlimlər ölkənin 4 regionunu (Mingəçevir, Qazax, Göyçay və Şəki) əhatə edəcək. Təlimlərin keçirilməsində əsas məqsəd gənc sahibkarlar, gənclər təşkilatları və fərdi gənclərin ən çox istifadə etdiyi elektron xidmətlər üzrə biliklərinin artırılmasıdır.
Üç gün davam edəcək təlim “www.e-gov.az portalı haqqında giriş”, “E-imza istifadəsinin texniki və hüquqi aspektləri”, “Məcburi dövlət sosial sığortası hesabatlarının təqdim edilməsi e-xidməti”, “Vergilər sahəsi üzrə e-xidmətlər”, “Statistika üzrə e-xidmətlər”, “Gömrük bəyannamələrinin və hesabatların yerinə yetirilməsi üzrə e-xidmətlər” mövzularını əhatə edəcək.
Təlimdə Bakı ilə yanaşı, regionlar üzrə gənc sahibkarlar da iştirak edəcək. Sonda iştirakçılara Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sertifikatları təqdim olunacaq.
Təlimlərdə iştirak etmək istəyən gənclər https://docs.google.com/forms/d/e linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Ətraflı məlumat üçün [email protected] ünvanı və (012) 505 01 13; (077) 505 01 13 nömrələri ilə əlaqə saxlamaq olar.