DÜNYA
İqor Dodon: Bəzi siyasətçilərin məsuliyyətsizliyi, şəxsi ambisiyaları Moldovanı ən ağır sınaqlara sövq edir
Kişineu, 12 noyabr, AZƏRTAC
Etiraf etməliyik ki, bəzi siyasətçilərin məsuliyyətsizliyi, şəxsi ambisiyaları və tərbiyəsizliyi Moldovanı ən ağır sınaqlara sövq edir. Halbuki ölkənin vətəndaşları üçün işləyəcək sabit hökuməti formalaşdırmaq naminə həmişəki kimi ittifaqa ehtiyacı var.
AZƏRTAC xəbər verir ki, bu fikri Moldova Prezidenti İqor Dodon ölkə hökumətinin istefaya göndərilməsi ilə bağlı keçirdiyi mətbuat konfransında söyləyib.
İ.Dodon qeyd edib ki, bu, kiminsə ictimai öhdəlik götürdüyü siyasi razılaşmanı pozduğu ilk hal deyil və anlaşmaya məhəl qoymurlar. Bu cür hallar son siyasi tarixdə artıq baş verib və hər dəfə nəticələri ağır olub. Prezidentin sözlərinə görə, istefaya göndərilən sabiq Baş Nazir Maya Sandu vətəndaşların diqqətini son beş ayın səhv və təsirsiz iqtisadi, sosial siyasətindən yayındırmaq üçün qəsdən bütöv bir kabinetin süqutuna və hakim koalisiyada böhrana səbəb olub. M.Sandu yalnız vəd verməklə heç bir əməli nəticə təqdim edə bilməyib və bununla da insanların diqqətini hökumətdəki bu biabırçılıqdan yayındırmağa çalışıb.
Qeyd edək ki, Moldova parlamenti Avropayönümlü “Acum” (“İndi”) bloku tərəfindən formalaşdırılan Maya Sandu hökumətinə etimadsızlıq votumu ifadə edib. Bu barədə qərar qanunverici orqanın noyabrın 12-də keçirilən iclasında qəbul olunub.
Etimadsızlıq votumu səsvermədə iştirak edən 63 deputatın (101 deputatdan) dəstəyini qazanıb.
Moldova Sosialistlər Partiyasının təşəbbüsü ilə səsə qoyulan qərarı müxalif Demokratik Partiyanın deputatları dəstəkləyib. Parlamentin “Şor” partiyası fraksiyası və “Acum” blokunun hər iki fraksiyası səsvermədə iştirakdan imtina edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu