İQTİSADİYYAT
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi növbəti Təcrübə Proqramını elan edir
Bakı, 26 yanvar, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tələbə və magistrantlar üçün təcrübə keçmək imkanı yaradır.
İİTKM-dən AZƏRTAC-a bildirilib ki, Təcrübə Proqramına qoşulmaq üçün aşağıda qeyd olunan ixtisaslar üzrə təhsil alan tələbə və magistrantlar, həmçinin ali təhsilli gənclər mərkəzə müraciət edə bilərlər - iqtisadiyyat, maliyyə, riyaziyyat, jurnalistika, informasiya texnologiyaları və ya hüquq sahələri.
Təcrübə Proqramına cəlb ediləcək namizədlər üçün bu tələblər mövcuddur - məntiqi və analitik düşünmə qabiliyyəti, xarici dildə (əsasən ingilis dili) sərbəst oxuma və qavrama qabiliyyəti, yaxşı səviyyədə kompüter bilikləri (ofis proqramları mütləqdir), ünsiyyət və təqdimat bacarığı.
Təcrübəçi kimi 3 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə mərkəz tərəfindən xüsusi sertifikat və müsbət xasiyyətnamə veriləcək.
Təcrübə Proqramı ödənişsiz olmaqla bu il martın 1-dən mayın 31-dək olan dövrü və həftədə beş dəfə olmaqla iş gününün yarısını əhatə edir. Təcrübə saatları: saat 9:00–12:30 və ya 14:30-18:00.
Proqrama qoşulmaq istəyənlərdən fevralın 15-nə kimi [email protected] ünvanına CV (3×4 formatlı şəkil, xarici dil biliklərini əsaslandıran sənədləri (əgər varsa) əlavə edilməklə) göndərmələri və ya buradan qeydiyyatdan keçmələri xahiş olunur. Yalnız ərizəsi qəbul olunan şəxslərlə əlaqə saxlanılacaq.