İQTİSADİYYAT
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi növbəti ictimai mühazirə keçirib
Bakı, 26 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər" mövzusunda növbəti ictimai mühazirəni Azərbaycan Kooperasiya Universitetində keçirib.
İİTKM-dən AZƏRTAC-a bildiriblər ki, ictimai mühazirənin açılışını Azərbaycan Kooperasiya Universitetinin elmi işlər üzrə prorektoru, iqtisad üzrə elmlər doktoru, professor Bəyalı Ataşov edib. O təmsil etdiyi universitetdə belə bir mövzuda mühazirənin təşkil edilməsinə böyük önəm verdiyini bildirib. Vurğulayıb ki, Strateji Yol xəritələrinin icrasında əmək bazarına daxili olacaq tələbələr xüsusi rol oynayacaq. Azərbaycan Kooperasiya Universitetinin prorektoru Fikrət Quliyev isə mühazirənin mahiyyəti və məqsədi barədə tələbələrə ətraflı məlumat verib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji Planlaşdırma və İnkişaf Departamentinin rəhbəri Ramil Hüseyn "Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər" mövzusunda mühazirə edib. Ramil Hüseyn universitetin rəhbərliyinə bu mühazirə üçün şərait yaratdıqlarına görə təşəkkür edərək vurğulayıb ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azərbaycan universitetlərində belə silsilə görüşlərin təşkil etməsində məqsəd iqtisadi islahatlarla bağlı maarifləndirmə işlərini həyata keçirmək, professor-müəllim və tələbələri islahatlarla bağlı daha dolğun məlumatlandırmaq və onların bu proseslə bağlı fikirlərini öyrənməkdən ibarətdir.
Departament rəhbəri Azərbaycanda həyata keçirilən iqtisadi islahatların əsas istiqamətləri, bu islahatlar nəticəsində qeyri-neft sektorunda baş verən inkişaf, sahibkarlara göstərilən dövlət dəstəyi, ixracın təşviqi, 2017-ci ildə qeyri-neft sektoru üzrə ixracda müşahidə olunan artım, Strateji Yol xəritələrinin qəbulu və onun icrasının nəticələrinin monitorinqi barədə danışıb.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədi ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.