DÜNYA


İranla bağlanmış beynəlxalq nüvə sazişini xilas etmək üçün danışıqların növbəti raundu başlayıb

Vyana, 29 noyabr, AZƏRTAC

Noyabrın 29-da Vyanada İranla bağlanmış beynəlxalq nüvə sazişini xilas etmək üçün danışıqların növbəti raundu başlayıb. Tərəflər arasında danışıqlardan öncəki vəziyyəti nəzərə alsaq ciddi irəliləyişlər üçün şanslar yüksək qiymətləndirilmir. ABŞ rəsmiləri hesab edirlər ki, Tehran danışıqlar yolu ilə vaxt qazanmağa və öz nüvə proqramını inkişaf etdirməyə çalışır.

AZƏRTAC xəbər verir ki, Vyanada aparılan danışıqlarda İran və ABŞ nümayəndələri birbaşa görüşlərdə iştirak etmirlər. İran nümayəndə heyətindən Reuters agentliyinə bildirilib ki, İranın mövqeyi və tələbləri aydındır. Qeyd edilib ki, digər tərəflər, xüsusilə də ABŞ sazişin bərpa olunmasını istəyib-istəmədikləri barədə qərar verməlidir: “Onlar sazişi tərk ediblər, ona görə də onlar geriyə dönməli və bütün sanksiyaları ləğv etməlidirlər”.

İran tərəfi danışıqlar çərçivəsində 2017-ci ildən bəri ABŞ və Avropa İttifaqı (Aİ) tərəfindən bu ölkəyə qarşı tətbiq olunan sanksiyaların ləğvini tələb edir. Danışıqların rəsmən başlamasından öncə Rusiya və Çin, eləcə də Aİ koordinatoru Enrike Mora ilə görüşən İran nümayəndə heyəti bu mövqeyi qarşı tərəfə çatdırıb.

Mətbuata sızan məlumatlara əsasən, ABŞ sanksiyaların tamamilə ləğvinə qarşıdır. Birləşmiş Ştatların İran üzrə xüsusi elçisi Robert Melli bildirib ki, ABŞ danışıqların uğursuzluğa düçar olmasına hərəkətsiz qalmayacaq. Lazım gələrsə, rəsmi Vaşinqton İrana qarşı təzyiqi artıracaq.

Qeyd edilməlidir ki, noyabrın 29-da başlayan danışıqlar İranla bağlanmış nüvə sazişinin xilası üçün aparılan sayca yeddinci danışıqlar raundudur. 2018-ci ildə ABŞ birtərəfli qaydada sazişi tərk etdikdən sonra sazişin bərpası üçün danışıqlar Aİ-nin sədrliyi altında İranla beş ölkə (Almaniya, Böyük Britaniya, Çin, Fransa və Rusiya) arasında aparılır.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.