SİYASƏT
İslam İnkişaf Bankı Gürcüstandakı azərbaycanlı tələbələrə yardım edəcəkdir
Bakı, 11 oktyabr (AZƏRTAC). Gürcüstanda fəaliyyət göstərən Marneulidəki Azərbaycanlıların Mədəniyyət Mərkəzində (AMM) İslam İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə İslam İnkişaf Bankının (İİB) Gürcüstandakı azərbaycanlı tələbələrə yardımını nəzərdə tutan yeni layihəsi müzakirə olunmuşdur.
Mərkəzin rəhbəri Fazil Həsənov AMM-in tələbələrlə bağlı həyata keçirdiyi layihələr barədə ətraflı məlumat vermiş, İİB-in layihəsinin əhəmiyyətini vurğulamışdır. İİB kimi nüfuzlu maliyyə təşkilatının Gürcüstanda yaşayan azərbaycanlı tələbələrə diqqət göstərməsini yüksək qiymətləndirmişdir.
İİB-in təhsil departamentinin rəhbəri Malik Şah bin Yusif bildirmişdir ki, bankın məqsədi müsəlmanların ehtiyaclarını öyrənmək, xüsusən onların təhsil sahəsindəki problemlərinin həllinə yardım etməkdir. İİB Gürcüstanda ali məktəblərin bakalavr pilləsində təhsil alan imkansız tələbələrə kömək göstərməyi planlaşdırır. Bu layihə kredit şəkilində həyata keçiriləcəkdir. Tələbə bakalavr dərəcəsini bitirib işə düzəldikdən sonra hissə-hissə həmin məbləği banka ödəməlidir, burada da bir çox güzəştlər nəzərdə tutulmuşdur. Gürcüstanda yaşayan azərbaycanlı tələbələrə gələn ildən yardım olunacaqdır.
Bankın rəsmiləri Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru ilə, eləcə də Gürcüstanın Elm və Təhsil Nazirliyində bir sıra görüşlər keçirmişdir.