REGİONLAR
İsmayıl Şahəliyev: Naxçıvanda keçirilən Beynəlxalq şahmat turnirində təşkilatçılıq yüksək səviyyədə idi
Naxçıvan, 16 may, AZƏRTAC
Çox möhtəşəm bir turnir oldu. Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası həmişəki kimi, yenə də turniri yüksək səviyyədə təşkil etmişdi. Belə gözəl şahmat turniri təşkil edib şahmatçıları bir araya gətirdiyinə görə bir daha federasiyaya minnətdarlığımı bildirirəm. Şadam ki, mötəbər bir turnirdə mübarizə apardım və qalib adını qazandım.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna açıqlamasında Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cü ildönümünə həsr olunmuş Beynəlxalq şahmat turnirinin qalibi, azərbaycanlı beynəlxalq usta İsmayıl Şahəliyev deyib. O vurğulayıb ki, gələcəkdə də belə turnirlərdə iştirak etmək istəyir. Ümid edirəm ki, gələcəkdə bu tipli yarışlar daha çox olacaq.
Dəstəyə görə məşqçi-müəllimlərinə minnətdarlıq edən İsmayıl Şahəliyev keçirdiyi oyunlar barədə də danışıb. Bildirib ki, son tura qədər turnir gərgin mübarizə şəraitdə keçib: “Turnirin qalibi olmaq üçün mütləq qələbə qazanmalı idim, yoxsa heç-heçə etsəydim, bu mənim üçün risk idi. Çünki xallar bərabər olacaqdı və reytinqə görə qalib müəyyənləşəcəkdi. Son turda qalib gəldim. 6-cı turdan sonra oyunlar daha da çətinləşdi. Xüsusilə, Vüqar Rəsulovla oyunda taktiki heç-heçə etdim və düşünürəm ki, bu, ən düzgün qərar idi. Naxçıvanlı şahmatçılardan Sadiq Məmmədovla da görüşüm çətin alındı”.