REGİONLAR
İsmayıllı sakini XIX əsrə aid tarixi abidəni şəxsi vəsaiti hesabına bərpa edib VİDEO
İsmayıllı, 23 iyun, R.Türkoğlu, AZƏRTAC
İsmayıllı rayonunun Sulut kəndində yerləşən XIX əsrə aid tarixi abidələrdən biri – Qasım bulağı bərpa edilərək istifadəyə verilib. Uzun illərdir ki, bərbad və baxımsız halda olan bu abidə kənd sakini Fuad Piriyevin təşəbbüsü və şəxsi vəsaiti hesabına bərpa olunub.
AZƏRTAC xəbər verir ki, Qasım bulağı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən qeydiyyata alınıb. Tarixi abidə “Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu” MMC tərəfindən hazırlanan layihə əsasında bərpa edilib.
Açılış mərasimində Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ regional idarəsinin müdiri Tərxan Tahirli, qurumun nümayəndələri, abidə mühafizəçiləri, kənd sakinləri iştirak ediblər. Çıxışlarda Fuad Piriyevin xeyriyyə məqsədilə bu qədim abidəni öz vəsaiti hesabına bərpa etməsi təqdir olunub.
Fuad Piriyev 300 ildən çox yaşı olan bulağın atasının vəsiyyəti ilə bərpa etməsindən danışıb.
Xatırladaq ki, İsmayıllı şəhərindən 45 kilometr aralıda, Böyük Qafqaz dağlarının ətəyində yerləşən və qədim tarixi abidələrlə zəngin olan Sulut kəndində IX-XVIII əsrlərə aid Qırx otaq qəsri, Fitdağ qalası, Xirəki qala divarları, Xan qalası, Buzxana abidəsi, Haram qalası, Qasım bulağı, türbə mövcuddur.