MƏDƏNİYYƏT
İspaniyanın turizm sektoru COVID-19 səbəbindən Pasxa təntənələrində 18 milyard avro itirib
Madrid, 13 aprel, AZƏRTAC
Pasxa İspaniyada böyük turizm mövsümünün başlanğıcını göstərir. Builki mövsümün açılışında isə nə səyahətçilər olacaq, nə də açıq otellər.
AZƏRTAC xəbər verir ki, İspaniyanın Turizm Agentlikləri Regional Assosiasiyaları Federasiyasının (FETAVE) məlumatına görə, hökumət tərəfindən koronavirusla bağlı tətbiq edilən məhdudiyyətlər bu günlərdə xəzinəyə 18 milyard avroya başa gələcək. Bu itkilər İspaniyanın 400 min turizm şirkətində çalışan 2,5 milyon işçiyə təsir göstərəcək.
FETAVE 70 mindən artıq reysin ləğv olunduğunu bildirir ki, bu da 10 milyon aviabiletin (95 faizindən çoxu Pasxaya proqnozlaşdırılıb) itkisi deməkdir. Bundan başqa, mehmanxana sahəsində oteldə 15 milyon gecədən artıq ləğv edilib, təkcə bar, restoran və gecə klublarında itkilər 10 milyard avro təşkil edir.
FETAVE xəbərdarlıq edir ki, Pasxa təntənələrinin ləğvi faciəli itkilərlə nəticələnəcək. Əgər Rəsmi Kredit İnstitutunun (ICO) xətti çevik işləməsə, o zaman bunun ardınca on minlərlə turizm şirkətinin likvidliyinin itirilməsi və iflası baş verəcək.
Qeyd edək ki, İspaniya hökuməti koronavirusun ölkə üçün iqtisadi fəsadlarına 200 milyard avro ayırıb. 100 milyard avro həcmində dövlət zəmanəti şirkətlərin likvidliyinin təmin edilməsinə sərf olunacaq.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid