DÜNYA
İsrail mərkəzi bankının koronavirus böhranına qarşı cavab tədbirləri ilə bağlı onlayn brifinq keçirilib
Bakı, 12 avqust, AZƏRTAC
İsrailin Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə İsrail iqtisadiyyatı və dövlətin mərkəzi bankı tərəfindən koronavirus böhranı ilə bağlı həyata keçirilən cavab tədbirlərinə həsr edilmiş onlayn mətbuat brifinqi keçirilib.
AZƏRTAC xəbər verir ki, “Zoom” proqramı vasitəsilə keçirilmiş tədbirdə İsrail Bankının rəhbəri, professor Əmir Yaron təqdimatla çıxış edib. Tədbirə İsrailin Xarici İşlər Nazirliyinin mətbuat katibi Lior Haiat moderatorluq edib.
Əmir Yaron təqdimatında COVID-19 pandemiyası dövründə İsrail dövləti tərəfindən iqtisadi sahədə həyata keçirilən tədbirlərdən bəhs edib. O, ölkə iqtisadiyyatına 2020-ci ildə dəyən ziyandan danışıb, 2021-ci ildə iqtisadiyyatın sürətlə bərpa olunacağına ümid etdiyini bildirib. Vurğulayıb ki, COVID-19-un ikinci dalğasının olacağı ehtimalını nəzərə alsaq dövlətin virusun yayılmasına qarşı həyata keçirdiyi məhdudiyyətlər zamanı yarana biləcək işsizliklə əlaqədar böyük narahatlıqlar mövcuddur. “Biz iqtisadi fəallığı təmin etmək üçün ölkədə koronavirusun yayılmasının qarşısını almaq üçün müvafiq qabaqlayıcı tədbirlər görməliyik”, - deyə professor bildirib.
Əmir Yaron İsrail Bankının ölkədə pul-kredit siyasətinin və maliyyə sabitliyinin dayanıqlığını qoruyub saxlamaq üçün hökumətin atdığı uğurlu addımlardan da bəhs edib. O, İsrailin Bankının koronavirus böhranının ölkə iqtisadiyyatına təsirlərinin azaldılmasına yönəlmiş maliyyə və iqtisadi mexanizmlər, strateji planlar və tədbirləri özündə cəmləşdirən iqtisadi tövsiyələri barədə iştirakçılara ətraflı məlumat verib.
O, həmçinin İsraildə həyata keçirilən stimullaşdırıcı plan və hökumət dəstəyi proqramı barədə danışıb. Bank rəhbəri İsrail hökumətinin kiçik və orta sahibkarlığa dəstək olaraq aşağı faizlə kreditlər təqdim etdiyini də bildirib.
Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılıb.