MƏDƏNİYYƏT
İstedadlı həmvətənimizin yeni videoklipi təqdim edilib
Berlin, 4 avqust, AZƏRTAC
Almaniyada yaşayan həmvətənimiz, istedadlı skripkaçı Fəridə Rüstəmovanın “YouTube” kanalında onun iştirakı ilə çəkilmiş “Günvurmanın və hallüsinasiyanın nəticəsi!” adlı yeni müəllif videoklipi yerləşdirilib.
Bu barədə AZƏRTAC-a musiqiçi özü məlumat verib. O bildirib ki, yaxın vaxtlarda Almaniyada keçiriləcək ən prestijli musiqili şouların birində iştirak edəcək. Peşəkar intriqanı qoruyub saxlamaq və sürpriz effektini gücləndirmək məqsədilə hələlik həmin şounun təfsilatını bildirməyən musiqiçi yaxın günlərdə baş vermiş və onunla birbaşa bağlı olan bir əlamətdar hadisənin “sirrini açıb”.
Fəridə Rüstəmova Dua Lipanın pərəstişkarıdır. Bu yaxınlarda Lipanın bir mahnısını dinləyərkən Fəridənin ağlına maraqlı bir ideya gəlib: o, əfsanəvi və sehrli bir əhvalatı musiqili klip formasında ekranlaşdırmağı qərara alıb. Fəridə ssenarini hərtərəfli götür-qoy edəndən sonra öz dostları – istedadlı rejissor, Fəridə ilə birgə ərsəyə gəlmiş iki uğurlu klipi artıq hazır olan Liliya Heyli və “Hoepfner Burghof und Brauerei”nin direktoru, bu yaxınlarda həmin müəssisənin konsert məkanında birgə çıxış etdiyi Anatoli Vinsi həmin klipdə iştiraka dəvət edib.
Qeyd etmək lazımdır ki, Vins incəsənəti və gəncləri həmişə fəal dəstəkləyir.
Ən maraqlısı budur ki, Fəridənin bütün layihələrində aktyorlar qismində tamam başqa peşələrə mənsub olan dostları çıxış edir, amma onlar aktyor rolunun öhdəsindən çox uğurla gəlirlər. Fəridə deyir: “Bu, mənim üçün böyük şərəf və sevincdir. Bizim işin nəticəsi çox xoş təsir bağışlayır”.
Fəridə Rüstəmovanın kliplərinin çəkilişində hər dəfə müxtəlif rejissorlar çalışır, lakin ssenarilərin və ideyaların 90 faizi həmişə Fəridənin özünə məxsus olur. O deyir: “İstedadlı insanlardan ibarət komandam mənim düşündüklərimi videoklip şəklində reallaşdırmağa kömək edir. Xoşbəxtəm ki, hələlik hər şey əla alınır”.
Fəridənin əvvəlki klipləri kimi bu dəfə də ideyadan başlamış kostyumların, aktyorların, musiqinin seçiminə və məşqlərin təşkilinə qədər bütün mərhələləri özü reallaşdırır. Buna görə də nəticə həm onun özünü, həm iştirakçıları, həm də tamaşaçıları qane edir.
AZƏRTAC-ın auditoriyasına bu istedadlı həmvətənimizin videoklipini təqdim edirik: https://www.youtube.com/watch?v=ebJH0IrwiIQ
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin