DÜNYA
İsveçrə koronavirus pandemiyası ilə əlaqədar riskli regionlar siyahısını genişləndirib
Bern, 11 sentyabr, AZƏRTAC
İsveçrənin Federal Səhiyyə İdarəsi koronavirusa yoluxma hallarının müxtəlif ölkələrdə artması ilə əlaqədar riskli regionlar siyahısını genişləndirib.
AZƏRTAC xəbər verir ki, Çexiya, Vircin adaları, Avstriyanın paytaxtı Vyana şəhəri və Fransanın bir sıra departamenti 50-dən artıq ölkə və regionun yer aldığı siyahıya əlavə edilib. İsveçrə Federal Səhiyyə İdarəsindən bildirilib ki, yenilənmiş siyahı sentyabrın 14-dən qüvvəyə minəcək və həmin ölkə və regionlardan gələnləri PCR testi təqdim edilmədiyi halda ikihəftəlik karantin gözləyir.
İsveçrə hökuməti qonşu ölkələrlə intensiv əlaqələri nəzərə alaraq, bütöv ölkəni yox infeksiyanın ən çox yayıldığı regionları siyahıya daxil edir. Ona görə də İtaliya, Fransa və Avstriya bütövlükdə deyil, yalnız yoluxma sayının yüksək olduğu regionlar siyahıda yer alıb. Bunun üçün əsas parametr isə 100 min nəfər üçün gündəlik yeni yoluxma hallarının 60-dan yuxarı olmasıdır.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bern