İQTİSADİYYAT
KOBİA Özbəkistanın Ticarət və Sənaye Palatası ilə əməkdaşlıq edəcək
Bakı, 20 iyun, AZƏRTAC
Daşkənddə Özbəkistan-Azərbaycan biznes-forumu keçirilib. Tədbirdə hər iki ölkədən dövlət rəsmiləri və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən iş adamları iştirak ediblər.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, qurumun İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, agentliyin fəaliyyəti barədə məlumat verib, Azərbaycanda biznes qurmaq istəyən xarici iş adamlarına KOBİA tərəfindən göstərilən dəstək və xidmətləri diqqətə çatdırıb.
Biznes-forum çərçivəsində KOBİA və Özbəkistanın Ticarət və Sənaye Palatası arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Sənədi Özbəkistanın Ticarət və Sənaye Palatasının rəhbəri Davron Vaxabov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov imzalayıblar. Memoranduma əsasən, tərəflər ticarət və investisiya imkanları haqqında bir-birlərini məlumatlandıracaq, KOB-lar arasında ikitərəfli əlaqələrin inkişafını dəstəkləyəcək və təşviq edəcək, qarşılıqlı biznes missiyalar təşkil olunacaq.