CƏMİYYƏT
Karantin qaydalarını pozaraq Gəncədən Balakənə istirahətə gələn şəxslər cərimələniblər
Bakı, 8 avqust, AZƏRTAC
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə rayon ərazisində keçirilən reydlər zamanı sərt karantin rejiminin elan olunduğu Gəncədən icazə almadan və qaydaları pozaraq istirahət məqsədilə Balakənə gələn 5 nəfəri müəyyən ediblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, polis şöbəsinə dəvət edilən həmin şəxslərlə profilaktik söhbətlər aparılıb. Karantin rejiminin qayda və tələbləri onlara izah olunub. Qaydaları pozduqları üçün barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimələniblər.