ELM VƏ TƏHSİL
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
Bakı, 10 dekabr, AZƏRTAC
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyev qeyd edib ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin adı xalqımızın yaddaşına əbədi həkk olunub. Bütün ömrünü Azərbaycan xalqının firavan həyatına, dövlətimizin möhkəmlənməsinə həsr edən Ulu Öndər əsl dövlət xadimi, dahi şəxsiyyət, Vətənini, xalqını sevən vətəndaş olduğunu sübuta yetirib. O, qarşıya çıxan bütün çətinliklərə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb proseslərin içərisindən uğurla çıxararaq parçalanmaqdan qorudu, müstəqil respublikamıza həm regionda, həm də dünyada layiqli yer və böyük nüfuz qazandırdı. Azərbaycan dahi şəxsiyyətin ideyalarının işığında sürətlə inkişaf edir, ölkəmizin beynəlxalq aləmdə nüfuzu getdikcə artır.
D.Tağıyev vurğulayıb ki, Ulu Öndərin siyasi kursunu qətiyyətlə davam etdirən Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan bu gün yeni-yeni nailiyyətlərə imza atır. Belə uğurlardan biri də Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun düşmən üzərindəki şanlı qələbəsidir. Otuz ildir davam edən qanlı münaqişəyə, məkrli çevrələrin dəstəyi, faşist, terrorist Ermənistanın əli ilə başladılmış, alovlandırılmış Qarabağ münaqişəsinə cəmi 44 gün ərzində son qoyuldu: “Müzəffər Ali Baş Komandana və Azərbaycan Ordusuna bizə bəxş edilən bu qələbə üçün minnətdarıq".
Sonra müəssisənin elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı və digərləri Ulu Öndərin elm, təhsil, gənclər siyasəti, azərbaycançılıq ideyası, neft strategiyası, eləcə də elm və incəsənət xadimlərinə qayğısından, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qələbəsindən danışıblar.