CƏMİYYƏT


Kəhriz mühəndisliyi peşəsinin sirləri gələcək nəslə ötürülür

Bakı, 12 iyul, AZƏRTAC

İyulun 12-də Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev və Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru İbrahim Cəfərov Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində Kəhriz Tədqiqat və İnformasiya Mərkəzinin yaradılması və kəhriz mühəndisliyi kurslarının tədrisinə dair tərəfdaşlıq sazişini imzalayıblar.

BMqT-nin Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a verilən məlumata görə, Kəhriz Tədqiqat və İnformasiya Mərkəzi kəhriz sistemləri haqqında məlumatların toplanması, tədqiqatların aparılması, bilik və təcrübələrin paylaşılması üçün nadir ixtisaslaşmış mərkəz olacaq. Bu tərəfdaşlıq çərçivəsində ADAU-nun müəllimləri kəhriz mühəndisliyi üzrə təlimçi kurslarında iştirak edəcək və BMqT ilə birgə tədris planını hazırlayacaqlar. Bu tədris planı müvafiq mütəxəssislərin hazırlanmasında istifadə ediləcək.

İmzalama mərasimindən sonra BMqT-nin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev bu əməkdaşlıqdan məmnunluğunu bildirib: “Biz hazırda Azərbaycanın seçilmiş regionlarda 40 kəhrizin bərpasını nəzərdə tutan layihəni həyata keçiririk. Bununla yanaşı, kəhriz sistemləri və onun bərpası üzrə təcrübənin və bu işlə məşğul olan kankan peşəsinin gələcək nəsillərə ötürülməsinə çalışırıq. Bu məqsədlə Azərbaycan Dövlət Aqrar Universiteti ilə əməkdaşlıq edəcəyimiz üçün məmnunam”.

ADAU rektoru İbrahim Cəfərov bu layihənin icrası üçün kifayət qədər potensiala malik olduqlarını vurğulayıb: “ADAU-nun Kəhriz Tədqiqat və İnformasiya Mərkəzinin yaradılması və kəhriz mühəndisliyi kursunun hazırlanması üçün yetərli insan resursları və fiziki imkanlar vardır. İnanıram ki, kəhriz mühəndisliyi təcrübəsinin növbəti nəsillərə ötürülməsi və bu işin davamlılığının təmin olunması üzrə bu layihəni uğurla icra edəcəyik”.

BMqT-nin həyata keçirdiyi layihə çərçivəsində məcburi köçkünlərin də sıx məskunlaşdığı Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Gəncə, Qazax, Goranboy və Göygöl rayonlarında 40-a yaxın kəhrizin bərpası nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.