MƏDƏNİYYƏT
Kitabxana Milli Mətbuat Günü münasibətilə silsilə materiallar hazırlayıb
Bakı, 22 iyul, AZƏRTAC
Azərbaycan mətbuatı deyəndə, ilk növbədə, yada düşən Həsən bəy Zərdabi olur. Böyük çətinliklərdən sonra o, Bakıda ana dilində “Əkinçi” qəzetinin nəşr edilməsi üçün icazə ala bilir. Bu qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxır. "Əkinçi" qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurur və 1875-1877-ci illər ərzində fəaliyyət göstərir. Qəzetin 56 nömrəsi işıq üzü görür.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərib. Hazırda respublikada çox sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, onlayn xəbər portalları fəaliyyət göstərir.
AZƏRTAC xəbər verir ki, Respublika Gənclər Kitabxanası “22 iyul - Milli Mətbuat və Jurnalistika Günü” münasibətilə silsilə tədbirlərini davam etdirir. Bu gün kitabxana sosial şəbəkə izləyicilərinə Milli Mətbuat Gününə həsr edilmiş biblioqrafik icmal və videoçarx təqdim edib. Hazırlanan biblioqrafik icmalda Həsən bəy Zərdabinin həyat və yaradıcılığı haqqında məlumat verilir, “Əkinçi” qəzetinin yaranma tarixi, qəzetin ərsəyə gəlməsində əməyi keçən görkəmli Azərbaycan sımaları haqqında informasiya təqdim olunur. Materialda Azərbaycan mətbuatının tarixindən, inkişaf mərhələlərindən bəhs edən A.Vəliyevin “Azərbaycan mətbuatı tarixi”, H.B.Zərdabinin “Seçilmiş məqalələri və məktubları”, “Həsən bəy Zərdabi xatirələrdə: biblioqrafik qaynaqlar”, “Əkinçi. 1875-1877” və s. kitabların biblioqrafik təsviri verilib.
Videoçarxda Azərbaycanda mətbuatın təməlini qoyan “Əkinçi” qəzetinin yaranma dönəmi, tarixi, inkişafı haqqında geniş məlumat verilib. Videomaterialda Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti haqqında söylədiyi dəyərli fikirlər, qəzetin nüsxələrinin görüntülər təqdim edilir.