İQTİSADİYYAT
Könüllü gömrükçülər onlayn rejimdə fəaliyyət göstərirlər
Bakı, 25 sentyabr, AZƏRTAC
Bu il fevral ayının sonundan etibarən koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılması ilə əlaqədar Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən "Könüllü gömrükçü" dəstəsinin fəaliyyətinin müvəqqəti olaraq dayandırılmasına qərar verilib.
DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin çağırışına cavab olaraq, COVID-19 infeksiyasının ölkəmizdə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə dövlət tərəfindən atılan bütün zəruri addımlara, xüsusilə əhalinin maarifləndirilməsi və qayğıya ehtiyacı olan insanlara sosial xidmətlərin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlərə töhfə vermək məqsədilə könüllü hərəkat və təşkilatların təşəbbüsü ilə Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi təsis edilib. Artıq Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi Azərbaycan Könüllü Təşkilatları İttifaqına (AKTİ) çevrilib. Bu təşkilatda "Könüllü gömrükçü" dəstəsinin də təmsil olunması qurumumuzun könüllülərinin fəaliyyətlərinə verilən dəyərin göstəricisidir.
Bununla yanaşı, sosial məsafənin, onlayn idarəetmənin reallığa çevrildiyi bu günlərdə "Könüllü gömrükçü" dəstəsinin üzvlərinin gömrük orqanlarına yaxınlaşmadan, yaşadıqları regionu tərk etmədən, evdən çıxmadan könüllü kimi fəaliyyətlərini davam etdirmələrini, gömrük işini yaxından öyrənmələrini, asudə vaxtlarını dəyərləndirmələrini təmin etmək məqsədilə könüllü gömrükçülərin onlayn rejimdə fəaliyyətləri təşkil edilib və bu münasibətlə DGK-da görüş keçirilib. Komitənin Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi, "Könüllü gömrükçü" dəstəsinin rəhbəri Vüqar Əliyev gəncləri fəaliyyətin gələcək istiqamətləri və pandemiyanın şərtlərinə uyğun olaraq qurulması barədə məlumatlandırıb.
Hazırda könüllülər gömrük işi sahəsində bilik və bacarıqlarının artırılması istiqamətində davamlılığının təmin edilməsi məqsədilə təhkim olunduqları idarələrin əməkdaşları ilə onlayn qaydada əlaqə yaratmaq, müvafiq məlumat və tədris vəsaitlərini əldə etmək, qaşılaşdıqları suallara cavab tapmaq imkanına malikdirlər. Eyni zamanda, cəmiyyətin məlumatlandırılmasında, gömrük işi sahəsində yeniliklərin təbliğində mühüm rol oynayan könüllülər bu fəaliyyətlərini də onlayn qaydada davam etdirirlər.