DÜNYA
Koreya Respublikasında “Tik-Tok” mobil tətbiqi istifadəçiləri qanunsuz izləməkdə ittiham edilib
Bakı 16 iyul, AZƏRTAC
Çinin “Tik-Tok” mobil tətbiqi Koreya Respublikasında yaşı 14-dən az olan istifadəçilərdən onların valideynlərinin razılığı olmadan qanunsuz məlumat topladığına görə 155 min dollar məbləğində cərimələnib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Koreyanın Rabitə Komissiyasında bildirilib: “Cərimə qərarı “Tik-Tok” tərəfindən telekommunikasiyalar haqqında yerli qanunların pozulmasını ortaya çıxaran ətraflı daxili araşdırmaya əsaslanır”.
Məlumatda deyilir ki, proqram istifadəçilərə xəbər vermədən onların məlumatlarını kənar serverə ötürüb. Tənzimləyici qurum aşkar edib ki, videohostinq 2017-ci il mayın 31-dən və 2019-cu il dekabrın 6-dək proqramda qeydiyyatdan keçmiş yaşı 14-dən aşağı olan ən azı 6007 uşaq haqqında məlumat toplayıb. Bundan başqa, “Tik-Tok” mobil proqramı istifadəçilərin məlumatını onlara xəbərdarlıq etmədən ABŞ-da və Sinqapurda yerləşən serverlərə ötürüb.
Tənzimləyici qurum proqrama "bütün aşkar edilmiş problemlərin düzəldilməsi" üçün 30 gün müddət verib. Əgər proqram istifadəçilərin məlumatını qanunsuz toplamağa davam etsə, onda Koreya Respublikasında bloklana bilər.