CƏMİYYƏT
Koronavirus infeksiyasının qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən profilaktik tədbir davam etdirilir VİDEO
Bakı, 7 oktyabr, AZƏRTAC
İşğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda ordumuzun düşmənlə müharibədə əldə etdiyi şanlı qələbələrin fonunda polis əməkdaşları da arxa cəbhədə həm ölkə ərazisində elan edilən hərbi vəziyyət, həm də gözlə görünməyən düşmənlə - koronavirusla mübarizədə yorulmadan xidmətlərini davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, infeksiyanın ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə elan olunan xüsusi karantin rejimi qaydaları çərçivəsində polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər mütəmadi olaraq davam etdirilir. Mövcud sanitar-epidemioloji vəziyyətdən irəli gələrək virusa yeni yoluxma hallarına yol verməmək, bu virusla mübarizədə dövlətimiz tərəfindən əldə edilən müsbət dinamikanın qorunub-saxlanılması üçün tətbiq olunan karantin rejiminin tələblərinə əməl edilməsi xidmətə cəlb olunan əməkdaşlar tərəfindən daim nəzarətdə saxlanılır. Qapalı yerlərdə, ictimai nəqliyyatda, həmçinin metropoliten ərazisində və iaşə obyektlərinə polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən insanlar arasında profilaktik söhbətlər aparılaraq onlara sanitar-epidemioloji normalara əməl etməyin, sosial məsafənin təmin edilməsinin, eləcə tibbi maskadan istifadənin zəruriliyi barədə tövsiyələr verilir.
Koronavirus infeksiyası (COVID-19) ilə mübarizədə Bakı Metropoliteninin stansiyalarının giriş-çıxışlarında xidmətə cəlb edilən polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları metroya daxil olan sərnişinlərlə izahedici söhbətlər apararaq, onlardan mövcud qaydalara əməl etməyi tələb edirlər. Bu qaydalara görə, sərnişinlər “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”in tələblərinə əməl etməli, o cümlədən stansiyalara daxil olan zaman tibbi maska taxmalıdırlar.
Qeyd edək ki, COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti noyabrın 2-də saat 06:00-dək uzadılıb.