CƏMİYYƏT
Koronavirus xəstələrindən daha biri sağalaraq xəstəxananı tərk edib VİDEO
Pekin, 25 yanvar, AZƏRTAC
Çində yayılan koronavirusun yeni növünün səbəb olduğu sətəlcəm xəstəliyindən ölənlərlə yanaşı, sağalıb xəstəxanadan buraxılanlar da var.
AZƏRTAC Çin Dövlət Səhiyyə Komissiyasına istinadla xəbər verir ki, indiyədək Pekin və Şanxay şəhərlərinə, habelə Cıcian vilayətində 38 belə xəstə sağalaraq, xəstəxananı tərk edib. Onlardan biri də 46 yaşlı Yanq adlı kişidir. Virusun aşkarlandığı Uxan şəhərindən olan Yanq fərdi avtomobili ilə Vencou şəhərinə gəlib. Burada səhhəti pisləşən Yanq yanvarın 17-də şəhərdəki 6 nömrəli xəstəxanaya qəbul edilib.
Tibb işçilərinin səyi nəticəsində bir həftə sonra Yanqın səhhəti yaxşılaşıb. Həkimlər onun daha xəstəxanada qalmasına ehtiyac görməyiblər. Ona səhhətində yenidən problem yaranacağı təqdirdə həkimlərlə əlaqə saxlamaq tövsiyə edilib.
"Tibb işçiləri gecə-gündüz bizim qayğımıza qalıblar. Onların müalicəsi sayəsində mən qısa zamanda sağaldım", -deyən Yanq həkimlərə müalicəyə görə təşəkkür edib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin