CƏMİYYƏT
Kral Abdulla Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin qərargahı Vyanadan Cenevrəyə köçürüləcək
Vyana, 19 iyun, AZƏRTAC
Kral Abdulla Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID) qərargahı Vyanadan Cenevrə şəhərinə köçürüləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Avstriyanın gündəlik “Kurier” qəzeti məlumat yayıb. Qəzetin verdiyi məlumata görə, müvafiq qərar bir neçə gün əvvəl mərkəzin rəhbərliyi tərəfindən qəbul olunub və yeni mənzil-qərargahda fəaliyyətə başlayandan sonra təşkilatın üzvlərinin sayı artırılacaq.
Xatırladaq ki, 2011-ci ildə Avstriya, Səudiyyə Ərəbistanı və İspaniyanın birgə təşəbbüsü əsasında təsis olunmuş KAICIID Vatikan dövlətinin baş müşahidəçi kimi çıxış etdiyi beynəlxalq hökumətlərarası təşkilatdır və onun Vyanadakı qərargahı 2012-ci ildə açılıb. Direktorlar Şurasında dünyanın əsas dinlərinin təmsilçilərinin yer aldığı təşkilatın məqsədi qarşılıqlı anlaşma və əməkdaşlığı təşviq etmək, dinlər və mədəniyyətlər arasında dialoqu gücləndirmək, eləcə də dialoq vasitəsilə münaqişələrin həllinə nail olmaqdır.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə İslam dininin təmsilçisi olaraq 2017-ci ildə beş il müddətinə bu mötəbər təşkilatın Direktorlar Şurasının üzvü seçilib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana