REGİONLAR
Kürdəmirdə keçirilən “Şahin” hərbi-idman oyunlarında 43 komanda iştirak edib
Kürdəmir, 10 aprel, AZƏRTAC
Kürdəmirin mərkəzi stadionunda rayonun 43 ümumtəhsil məktəbi komandasının iştirakı ilə “Şahin” hərbi-idman oyunları keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarışların açılış mərasimində çıxış edən rayon gənclər və idman idarəsinin rəis müavini Qalib Baxşiyev “Şahin” hərbi-idman oyununun böyüməkdə olan gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsində, şagirdləri hərbi-idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasında əhəmiyyətindən danışıb.
Rayon icra hakimiyyəti başçısının müavini Vəsilə Əsgərli oyunlarda məktəblilərə uğurlar arzulayaraq vurğulayıb ki, gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi dövlətin daim diqqət mərkəzindədir. Ölkəmizdə bu sahədə aparılan işlərin səmərəsinin artırılması istiqamətində silsilə tədbirlər həyata keçirilir. Natiq qeyd edib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin keçirdiyi məqsədyönlü siyasət nəticəsində ordumuzun döyüş qabiliyyəti daha da artıb, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib.
Sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, oyunlara start verilib.
Yarışın yekun nəticələrinə görə, Çöhranlı kənd tam orta məktəbin “şahin”ləri birinci, şəhər 6 və 4 saylı tam orta məktəblərin “şahin”ləri isə ikinci və üçüncü yerlərə layiq görülüblər.
Qalib gələn Çöhranlı kənd tam orta məktəbin komandası Göyçayda keçiriləcək “Şahin” hərbi-idman oyunlarının zona yarışında Kürdəmiri təmsil edəcək.