REGİONLAR
Kürdəmirdə rayon tarixində rekord miqdarda – 109 min tondan çox taxıl istehsal olunub VİDEO
Kürdəmir, 20 oktyabr, Adil Ağayev, AZƏRTAC
Bu il Kürdəmirdə rayon tarixində rekord miqdarda – 109 min tondan çox taxıl istehsal olunub. Hər hektardan məhsuldarlıq ötən ildəkindən 12 sentner çox olmaqla, 28,1 sentnerə çatıb. Cari ildə kartof, bostan-tərəvəz, günəbaxan və digər məhsullar da keçən illə müqayisədə xeyli artıb. Mal-qaranın baş sayında, eləcə də, heyvandarlıq məhsulları istehsalında da diqqətəlayiq nəticələr qazanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Kürdəmir rayonunun cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında məlumat verilib.
Rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov hesabat məruzəsi ilə çıxış edərək görülən işlərdən danışıb. Bildirilib ki, bu il sentyabrın 17-də Prezident İlham Əliyev Kürdəmirə tarixi səfər edib. Səfər çərçivəsində bir sıra obyektlərin, o cümlədən Bayraq meydanının və Bayraq muzeyinin, Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən 100 yerlik körpələr evi-uşaq bağçasının, 12 min nəfər əhalinin yaşadığı 13 kəndi birləşdirən Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun, YAP rayon təşkilatı üçün inzibati binanın, Tarix Diyarşünaslıq Muzeyinin, 624 şagird yerlik Atakişili kənd tam orta məktəbinin, Ağsu-Kürdəmir avtomobil yolunun açılışı olub.
Hesabat dövründə rayonda ümumi məhsul buraxılışının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,3 faiz artaraq, 264 milyon 897,1 min manata çatıb. Artım iqtisadiyyatın aparıcı sahəsi olan kənd təsərrüfatında 14,2 faiz, sənayedə isə 43,2 faiz olub. Doqquz ayda 463 nəfər işlə təmin edilib ki, onlardan 393 nəfəri daimi, 70 nəfəri müvəqqəti və mövsümi işlərdir.
Əhalinin fasiləsiz elektrik enerjisi ilə təminatı istiqamətində ardıcıl iş aparıldığı diqqətə çatdırılaraq bildirilib ki, şəhər ərazisində 7, Sığlırlı, Şıxımlı kəndlərində və Qarabucaq qəsəbəsində 4 yeni transformator quraşdırılıb. Bütün yaşayış məntəqələrinin qazlaşdırılması ilə əlaqədar tədbirlər də davam etdirilib. Hesabat dövründə Garis Əyribənd, Çöl Ərəb, Ərəbxana, Karrar kəndlərinə “mavi yanacaq” verilib. Daha bir qəsəbə və 8 kənddə qazlaşdırma başa çatmaq üzrədir, 7 kənddə isə bu iş davam etdirilir.
Hesabat yığıncağında təhsil, səhiyyə, mədəniyyət sahələrində görülən işlərdən, habelə qarşıda duran vəzifələrdən də ətraflı danışılıb.