REGİONLAR


Lahıclı misgərin hazırladığı məişət əşyaları əsl sənət nümunəsidir

İsmayıllı, 3 yanvar, Adil Ağayev, AZƏRTAC

Misgər Kəlbəmi Əliyev Lahıcın ən məşhur sənətkarlarındandır. Onun misdən hazırladığı məişət əşyaları zərifliyi və gözəlliyi ilə seçilən əsl sənət nümunələridir. Onların arasında samovarın xüsusi yeri var. Əlbəttə, mis qazan, sərnic, ləyən, qara çıraq (Əlibaba çırağı da deyirlər), sərpuc (bişmiş xörəyi isti saxlamaq üçün istifadə olunur), kofe qabları, nəqqaşlıq nümunələri də öz forma və zərif naxışları ilə nəinki yerli, müxtəlif ölkələrdən gələn turistlərdə də böyük maraq doğurur.

Kəlbəmi usta AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində bu sənətin nəsildən-nəslə keçdiyini söyləyib. Onun atası Hacı Nağı Əliyev də vaxtilə Lahıcda tanınan və seçilən misgərlərdən olub. Bu sənətin incəliklərini də məhz ondan öyrənib: “Hər gün dərsdən çıxanda atamın yanına – emalatxanaya gedərdim. Misgərliyə marağımı görüb onun sirlərini mənə də öyrədirdi. Yaxşı yadımdadır, 1974-cü ildə 9 yaşında ikən atam məni və böyük qardaşım, mərhum Hacı Novruzu Novruz bayramı münasibətilə Bakıda İçərişəhərdə təşkil olunan sərgiyə aparmışdı. Sərgidə atamın hazırladığı 30-dan çox məişət əşyası nümayiş etdirilirdi. Maraqlananlar çox idi. Qəflətən ətrafda böyük bir canlanma baş verdi. Bir nəfər bizim stola yaxınlaşdı və mis əşyalara baxdı. Bu, ulu öndər Heydər Əliyev idi. İndi hər dəfə Bakıda təşkil olunan yarmarkalara çıxanda həmin gün yadıma düşür”.

Lahıclı usta deyir ki, onun üçün unudulmaz günlərdən biri də ötən il avqustun 26-sı olub. Həmin gün Lahıca təbii qaz verilib və bu münasibətlə keçirilən mərasimdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak ediblər. Təbii qazın verilməsi münasibətilə yandırılan 2 metrlik, gözəl naxışlarla bəzədilən rəmzi məşəli məhz Kəlbəmi usta hazırlayıb. Əsl sənət nümunəsi olan həmin rəmzi məşəl hazırda Bakıda “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasının birinci mərtəbəsinin foyesini bəzəyir.

Misgər öz ata-baba peşəsini övladlarına da həvəslə öyrədir. 23 yaşlı Ağakişi və 25 yaşlı Bilal artıq misgərliyin incəliklərinə yiyələniblər. Üçüncü oğlu Hilal isə Texniki Universitetdə tələbədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.