İQTİSADİYYAT
Ləğv prosesində olan bankların müştəriləri kreditlərini “ASAN ödəniş”lə ödəyə biləcək
Bakı, 11 sentyabr, AZƏRTAC
Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan bankların kredit yığımlarının mərkəzləşdirilmiş qaydada təşkilinin, yığımların operativliyinin və müştərilərin rahatlığının təmin edilməsi məqsədilə fondun daxili informasiya sisteminin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki "İnnovasiyalar Mərkəzi" MMC-nin "ASAN ödəniş" portalına inteqrasiyasını təmin edib.
ADIF-dan AZƏRTAC-a bildiriblər ki, ləğv prosesində olan bankların müştərilərinə kredit borclarını "ASAN ödəniş" sistemi vasitəsilə "ASAN ödəniş" terminallarında nağd formada və asanpay.az portalı vasitəsilə nağdsız qaydada ödəmə imkanları yaradılıb.
Onlayn ödəmə imkanından yararlanmaq üçün ləğv prosesində olan banklara kredit borcu olan müştərilər www.asanpay.az saytından və ya fondun rəsmi www.adif.az saytındakı "Kreditlərin online ödənişi" səhifəsinə daxil olmaqla "ASAN ödəniş" sisteminə keçid ala bilər.
Bundan başqa, Əmanətlərin Sığortalanması Fondunun www.adif.az internet səhifəsi yeni, müasir tələblərə cavab verən dizaynda istifadə verilib. Yeni sayt bir çox texniki yeniliklərdən istifadə etməyə imkan yaradır.
Saytda əmanətlərin sığortalanması sisteminə aid əsas anlayışlar, qüvvədə olan qanunvericilik aktları, ADIF-ın fəaliyyətinə dair normativ hüquqi aktlar, fondun ləğvedici funksiyasını ehtiva edən informasiya və digər məlumatlar yerləşdirilib.