REGİONLAR
Lənkəran Peşə Liseyindən uşaqlara həsr olunan yeni layihə: “Sənət bağçası”
Lənkəran, 1 iyun, Bağır Əliyev, AZƏRTAC
Məktəbəqədər təhsilin ilk pilləsi olmaqla uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixiki inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran Peşə Liseyi bu istiqamətdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar rayonun uşaq bağçalarında “Sənət bağçası” devizi ilə tədbir keçirib.
Tədbirin əsas məqsədi uşaq bağçalarında peşəyönümlü işləri nümayiş etdirməklə, bu müəssisələrdə təhsil alan uşaqların fiziki sağlamlığına, yaradıcılıq düşüncəsinə, estetik və emosional inkişafına dəstək verməkdir.
Tədbirdə pandemiya qaydalarına uyğun olaraq Lənkəran Peşə Liseyinin “Xalçaçılıq”, “Çilingər-santexnik”, “Qaynaq”, “Bitkiçilik”, “Çay və sitrus ustası”, “Kənd təsərrüfatı məhsullarının istehsalı üzrə fermer”, “Avtomobillərin təmiri çilingəri” qruplarının müəllimləri və tələbələr iştirak ediblər.
Tədbir zamanı uşaqlar Azərbaycanın milli irs nümunəsi olan xalçanın toxunma prosesini izləyiblər. Toxunan xalça uşaq bağçasına hədiyyə edilib.
Lənkəran Peşə Liseyində hazırlanan kiçik “bağçalarda” uşaqların iştirakı ilə müxtəlif tərəvəz bitkiləri və güllər əkilib, uşaqlarda ətraf mühitə sevginin artırılması məqsədilə hər bağçada uşaqların iştirakı ilə quş yuvaları yerləşdirilib.
Qeyd edək ki, Lənkəran Peşə Liseyində həyata keçirilən “Sosial məsuliyyət” proqramı çərçivəsində rayonun müxtəlif bağçalarına yelləncəklər və skamyalar hədiyyə edilib, 3 uşaq bağçasına su xətlərinin yenilənməsində texniki dəstək göstərilib, Lənkəran və Astara rayonlarının uşaq bağçalarında 300-ə yaxın meyvə ağacı əkilib.
Liseyin “Sənət bağçası” devizi ilə həyata keçirdiyi tədbirlərin layihə formasında inkişaf etdirilməsi nəzərdə tutulub.