REGİONLAR
Lənkəran sakininin qışın şaxtasında dəniz həvəsi VİDEO
Lənkəran, 25 yanvar, Bağır Əliyev, AZƏRTAC
Lənkəran rayonunun Gərmətük qəsəbə sakini, balıqçılıqla məşğul olan 40 yaşlı Rameş Mustafayev qışın sərt şaxtasına, sazağına baxmayaraq, hər gün Xəzər dənizində çimir.
AZƏRTAC xəbər verir ki, “Lənkəranın morj”u kimi tanınan Rameş bu vərdişə atası Qüvvət Mustafayevin köməyi ilə yiyələnib.
R.Mustafayev deyib: “Atam balıqçıdır, ömrünün yarısı dənizdə keçib. Təxminən 10 yaşım olanda məni hər gün özü ilə sahilə gətirərdi. Onun qışda dənizdə çimməyi, idmanla məşğul olmağı mənə ilk vaxtlar qəribə gəlsə də, sonradan buna öyrəşdim. Bu vərdişi də o vaxtdan qazanmışam.”
Onun sözlərinə görə, 17 yaşından dənizi özünə sirdaş seçib. Hər gün bir qayda olaraq mavi Xəzərin sularına baş vurmasa, rahatlıq tapmır.
Qışda dənizdə çimməyin təhlükəli olmadığını söyləyən R.Mustafayev həm özünün, həm də 65 yaşlı atasının hər gün dənizdə soyuq suda çimdiyini, lakin indiyəcən bir dəfə də olsun xəstələnmədiklərini bildirib.