REGİONLAR
Lənkəranda “SAY: Cümhuriyyət” layihəsinin icrasına başlanılıb
Lənkəran, 8 sentyabr, Bağır Əliyev, AZƏRTAC
“İrəli” İctimai Birliyi sentyabrın 8-də Lənkəranda Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “SAY: Support of Azerbaijan Youth” hərəkatı adı altında “SAY: Cümhuriyyət” layihəsinin icrasına başlayıb.
SAY hərəkatının yeddinci fəaliyyəti çərçivəsində təşkil olunan layihə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihənin məqsədi Azərbaycanda könüllülük ideyalarının aşılanması, vətəndaş cəmiyyətinin düzgün istiqamətə yönləndirilməsi, gənclərdə humanizm, tolerantlıq prinsiplərinin formalaşdırılması, sağlam həyat tərzinin təbliği ilə gəncliyin inkişafına təkan vermək, Azərbaycan mədəniyyəti və Azərbaycan həqiqətlərinin dünya miqyasında tanınmasında onların fəal iştirakını təmin etmək, ümumilikdə, gənclər şəbəkəsinin inkişafına nail olmaqdır.
Düşərgədə açıq hava şəraitində qurulacaq çadırlarda qalacaq gənclər könüllülük proqramı, könüllülük fəaliyyətinin cəmiyyət üçün rolu və gələcəkdə onlara nə kimi imkanlar yarada biləcəyi haqqında ətraflı məlumat əldə edəcəklər.
Layihənin açılış mərasimində çıxış edən “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov və Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Yalçın Əhmədov ölkəmizdə və Lənkəranda dövlət gənclər siyasətinin icrası istiqamətində görülən işlərdən danışaraq, layihə iştirakçılarına uğurlar arzulayıblar.
“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov hər zaman dövlət gənclər siyasətini dəstəklədiklərini, Azərbaycanda könüllülük hərəkatında gənclərimizin yüksək fəallıq nümayiş etdirdiyini bildirib.
Beynəlxalq yarışlarda aparıcı qüvvə sayılan könüllü gənclərin əməyinin yüksək qiymətləndirildiyini deyən M.Seyidov bu kimi layihələrin regionlarda keçirilməsinin önəmli olduğunu vurğulayıb.
Qeyd olunub ki, “SAY: Cümhuriyyət” layihəsi Prezident İlham Əliyevin 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Sərəncamına və “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planına müvafiq olaraq gənclər arasında könüllülük fəaliyyətini daha geniş təşviq etmək məqsədilə həyata keçirilir.
"İrəli" İctimai Birliyi "SAY: Support of Azerbaijan Youth" hərəkatı altında "SAY: Könüllülük Akademiyası", "SAY: Green", "SAY: Multikulturalizm", "SAY: Volunteering festival", “SAY: Solidarity” kimi böyük layihələri Quba, Gəncə, İsmayıllı, Oğuz və Balakəndə həyata keçirib və 100-lərlə gənci öz ətrafında toplamağı bacarıb.
Layihə çərçivəsində gender bərabərliyi qorunmaqla 18-25 yaşlı gənclər (40 oğlan və 40 qız) Lənkəran şəhərində düşərgə şəraitində müxtəlif fiziki və simulyasiya oyunlarında, müzakirələrdə, peşəkar təlimçilərin iştirakı ilə seminarlarda, tanınmış şəxslərlə görüşlərdə iştirak edəcəklər.
Düşərgə sentyabrın 13-dək davam edəcək.