CƏMİYYƏT


Lənkəranda dövlət-din münasibətlərindən bəhs edən seminar-müşavirə keçirilir

Bakı, 16 may, AZƏRTAC

Mayın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda ikigünlük seminar-müşavirə öz işinə başlayıb.

Komitədən AZƏRTAC-a bildiriblər ki, seminar-müşavirədə dindarlar, dini icma sədrləri və ictimaiyyətin digər nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov mövzunun əhəmiyyətindən danışıb. Şöbə müdiri qeyd edib ki, bu cür maarifləndirmə tədbirlərinin keçirilməsi xüsusi əhəmiyyətə malikdir.

DQİDK sədrinin birinci müavini Səyyad Salahlı təmsil etdiyi qurumun dini dəyərlərin təbliğatı istiqamətində həyata keçirdiyi tədbirlər barədə geniş məlumat verib. O, görülən işlərin milli-mənəvi və İslami dəyərlərin təbliği və təşviqində, dini qurumlarla dövlət təşkilatları, eləcə də ayrı-ayrı dini konfessiyalar arasında sağlam münasibətlərin formalaşmasında müstəsna əhəmiyyət kəsb etdiyini bildirib. Xurafatın bütün cəmiyyət üçün təhlükəli olduğunu qeyd edən sədrin birinci müavini dini radikalizmə qarşı mübarizədə mühüm vasitə olan dini maarifləndirmə prosesində cəmiyyətin bütün təbəqələrinin fəal olmalarının zəruriliyinə toxunub.

Azərbaycan qanunvericiliyində dini dözümlülüyü, vicdan azadlığını, din-dövlət münasibətlərini özündə əks etdirən müddəalar barədə də danışan Səyyad Salahlı bütün sahələrdə olduğu kimi, bu istiqamətdə də vətəndaşlara tolerant mühit yaradıldığını deyib. Bildirib ki, dünyada dinlərarası və məzhəblərarası münaqişələrin baş verdiyi dönəmdə Azərbaycan özünün tolerantlıq ənənələrini və multikulturalizm modelini dünyaya nümunə kimi təqdim edir. S.Salahlı tolerantlığın radikalizmin qarşısının alınmasında mühüm vasitə olduğunu vurğulayıb.

Digər çıxışlarda da qeyd edilib ki, milli-mənəvi dəyərlər arasında din amili mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitlik ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır və bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Seminar-müşavirə mayın 17-də öz işini davam etdirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.