REGİONLAR
Lənkəranda şəhid ailə üzvləri və qazilərlə görüş keçirilib
Lənkəran, 26 iyun, Bağır Əliyev, AZƏRTAC
İyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 103-cü ildönümü münasibətilə Lənkəran Şəhər İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran şöbəsinin birgə təşkilatçılığı ilə şəhid ailə üzvləri və Qarabağ müharibəsi qaziləri ilə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran şöbəsinin əməkdaşları, Vətən müharibəsi şəhidlərinin valideynləri, ailə üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Lənkəran rayon Heydər Əliyev Mərkəzində keçirilən görüşdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə çıxış edənlər Milli Ordunun yaranma gününün ölkənin ictimai-siyasi həyatında əlamətdar hadisə olduğunu və xüsusilə 44 günlük Vətən müharibəsindəki parlaq Qələbənin sevinci və torpaqların işğaldan azad olunduğu şəraitdə bu bayramın qeyd olunmasının hər bir ölkə vətəndaşında yüksək qürur hissi doğurduğunu diqqətə çatdırıblar.
Çıxış edənlər Milli Ordunun təşəkkülündən və keçdiyi inkişaf yolundan danışaraq, ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı, Prezidenti İlham Əliyevin gündəlik diqqəti və qayğısı ilə ölkəmizdə ordu quruculuğu proseslərinin sürətləndirildiyini, silahlı qüvvələrin ən müasir hərbi texnika və sursatlarla gücləndirilərək qüdrətli orduya çevrildiyini, ən əsası Vətənini ürəkdən sevən, onun uğrunda hər an şəhid olmağa hazır olan, ən müasir silahlarla rəftarı bacaran yeni gənc əsgərlərin yetişdirildiyini və məhz bu əsgərlərin Ali Baş Komandanın əmri ilə işğalçı erməni ordusunu darmadağın etdiyini xüsusi vurğulayıblar.
Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində parlaq Qələbənin qazanılmasında lənkəranlı gənclər, bütün rayon sakinləri fədakar səylərini əsirgəməyiblər.
Tədbirdə şəhid Vüsal Kazımovun atası Kamran Kazımov, şəhid Qalib Əkbərzadənin atası Əbduləhəd Əkbərzadə, şəhid Röyal İbrahimovun atası Qulam İbrahimov, qazilərdən İlqar Əliyev, Aslan Quliyev, Əhliman Quluzadə çıxış edərək Vətən təəssübkeşliyinin imandan irəli gəldiyini, hər bir insanın Vətənini düşməndən qorumağa borclu olduğunu vurğulayıblar və lazım gələrsə Vətən uğrunda şəhidlik zirvəsinə yüksəlməyə belə hazır olduqlarını bildiriblər.
Çıxış edənlər ölkəmizdə müharibə iştirakçılarına, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.
Görüşün sonunda Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Vətən müharibəsində göstərdikləri şücaətlərə görə təltif olunmuş şəhidlərin valideynlərinə və qazilərə orden və medallar təqdim olunub.