FHN-in Cənub Regional Mərkəzi Lənkəranda nəzəri–praktiki tədbir keçirib
Lənkəran, 15 may, İlkin Adıyev, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin təşkilatçılığı ilə Lənkəran Peşə Liseyində “Fövqəladə hallarda özünü necə aparmalı” və “Yanğın təhlükəsizliyi qaydalarına əməl etmək, həyat fəaliyyətinin təhlükəsizliyinin qarantıdır” mövzusunda nəzəri–praktiki tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirə FHN–in Cənub Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran Yanğından Mühafizə Hissəsinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin “N” saylı hərbi hissəsinin, Lənkəran Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının qüvvə və vasitələri cəlb olunub.
Əvvəlcə nəzəri hissə çərçivəsində təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları, təxliyə barədə danışılıb, suallar cavablandırılıb.
Sonra tədbir iştirakçılarına yanğınsöndürmə, xüsusi xilasetmə və təcili tibbi yardım avtomobillərində olan xilasetmə avadanlıqlarından, yanğınsöndürmə və təcili tibbi yardım vasitələrindən istifadə qaydaları haqqında ətraflı məlumat verilib.
Daha sonra davam etdirilən praktiki hissədə FHN-in “112” qaynar telefon xəttinə daxil olan şərti yanğın barədə məlumat əsasında tədbirə cəlb olunan qurumların qüvvələri ilə qarşılıqlı fəaliyyətdə peşə liseyinin müəllim və şagird heyətinin “təhlükəli ərazidən” təxliyə edilməsi, onlara təxirəsalınmaz ilkin tibbi yardımın göstərilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması, xilasetmə və “yanğının söndürülməsi” əməliyyatları yerinə yetirilib.