Daşkənddə keçirilən “Biz bir Yerin övladlarıyıq” adlı tədbirdə Azərbaycan da təmsil olunub









Bakı, 16 may, AZƏRTAC
Daşkənd Tekstil və Yüngül Sənaye İnstitutunda “Biz bir Yerin övladlarıyıq” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ölkəmizi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.
Tədbirdə çıxış edən institutun elm və innovasiyalar üzrə prorektoru Azamat Eşonkulov Özbəkistanda yaşayan xalqlar arasında sülhün və tolerantlığın ölkənin daxili siyasətinin əsasını təşkil etdiyini vurğulayıb. O qeyd edib ki, bu xüsusiyyət ölkənin fəxr etdiyi ən böyük sərvətdir.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndəsi Yusif Məmmədov Azərbaycan və Özbəkistanın bir çox ortaq cəhətə malik qardaş ölkələr olduğunu, xüsusən də Azərbaycan ərazisində müxtəlif millətlərin və dini konfessiya nümayəndələrinin tolerantlıq, multikultural dəyərlərə hörmət, sülh, əmin-amanlıq şəraitində yaşamaları faktını xüsusi vurğulayıb. Bildirilib ki, böyük mədəniyyətə malik olan Azərbaycan xalqı başqa xalqların mədəniyyətinə də həmişə hörmətlə yanaşıb.
Sonra Özbəkistan Yazıçılar Birliyinin üzvü, şairə Qulyamdam Taqayeva çıxış edərək dostluq, vətənpərvərlik haqqında şeirlər söyləyib.
Azərbaycan Mədəniyyət Mərkəzinin təşkil etdiyi ölkəmizin mədəniyyətini, ədəbiyyatını, incəsənətini əks etdirən kitab sərgisi maraqla qarşılanıb. Burada Azərbaycan sənətkarlarının ağac, keramika və digər materiallardan hazırladıqları milli suvenirlər də yer alıb.
Tədbirin bədii hissəsində “Azərbaycan” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa edib.
Sonda fəal iştirakına görə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Fəxri fərman və xatirə hədiyyələri ilə təltif olunub.