MƏDƏNİYYƏT
İğdırda Naxçıvan Dövlət Kukla Teatrının tamaşaları nümayiş etdirilib




İstanbul, 16 may, Günel Karatepe, AZƏRTAC
Türkiyənin İğdır vilayətində M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının tamaşaları nümayiş etdirilib.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə bağlı Türkiyədə keçirilən tədbirlər çərçivəsində baş tutan proqramda K.Ağayevanın “Tıq-tıq xanım” və Ə.Abbasovun “Keçinin qisası” tamaşaları göstərilib.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və İğdır Azərbaycan Evinin birgə təşkilatçılığı ilə Türkiyə məktəbliləri üçün hazırlanan tamaşa İğdırın Aras Peşə və Texniki Anadolu Liseyində səhnələşdirilib.
Səhnə əsəri 2300-dək şagird tərəfindən izlənilib.
Tamaşanın nümayişindən əvvəl çıxış edən İğdır Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acar və Naxçıvan Dövlət Kukla Teatrının direktoru, Xalq artisti Şirzad Abutalıbov ortaq mədəni irsimizin, folklorumuzun təbliği və gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıblar.
Şirzad Abutalıbovun quruluş verdiyi “Tıq-tıq xanım” və Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Nadir Hüseynovun quruluşu əsasında hazırlanan “Keçinin qisası” tamaşalarında Əfqanə Ələsgərova, İlqar Babayev, İbad Nəbiyev və digər aktyorlar rol alıblar. Hər iki tamaşanın quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Rafael Qədimov, bəstəkarı isə Əli Məmmədovdur.
Balaca teatrsevərlərin alqışları ilə qarşılanan tamaşadan sonra yaradıcı heyətə diplom və təşəkkürnamələr təqdim edilib.