DÜNYA
Litvada hər yeni avtomobil sahibi şəxsi koda sahib olacaq
Vilnüs, 17 aprel, AZƏRTAC
Mayın 1-dən Litvada yol hərəkət təhlükəsizliyi haqqında qanuna və inzibati xətalar məcəlləsinə dəyişikliklər qüvvəyə minəcək. Dəyişikliklərin məqsədi sakinləri avtomobil ticarəti sahəsində dələduzluqdan qorumaq və alıcıların hüquqlarını müdafiə etməkdən ibarətdir.
AZƏRTAC ölkə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Litvanın daxili işlər naziri Aqne Bilotayte deyib.
O bildirib ki, qanun dəyişikliyində məqsəd avtomobil sahibinin təhlükəsizliyini təmin etmək və “kölgə” ticarətinin miqyasını minimuma endirməkdir.
Nazir qeyd edib ki, yeni sistem avtomobil sahiblərini qeydiyyata alacaq və onların hər birinin sistemdə şəxsi kodu olacaq. Yalnız bu kod olduğu halda avtomobili satmaq və qeydiyyatdan keçirmək mümkün olacaq. Bundan sonra avtomobil sahibinin dəyişdirilməsi və qeydiyyatı iki fərqli proses ilə həyata keçiriləcək. Birincisi, hər dəfə sahib dəyişdikdə yeni kod veriləcək. İkincisi, yalnız bu kodu olan şəxslər avtomobili öz adlarına qeydiyyatdan keçirə biləcəklər.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs