İDMAN
Londonda “Azərbaycan idmanı diqqət mərkəzində” adlı fotosərgi açılıb VİDEO
London, 28 fevral, AZƏRTAC
Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə Londonun məşhur OXO qalereyasında “Azərbaycan idmanı diqqət mərkəzində” adlı fotosərgi açılıb.
Sərgi eyniadlı müsabiqədə iştirak edən və qalib gələn fotolardan ibarət olub. Bu, TEAS tərəfindən təşkil edilən ikinci foto müsabiqədir. Müsabiqənin məqsədi “Bakı-2015” Avropa Oyunları ərəfəsində idmanın beynəlmiləlliyini və dəyərini nümayiş etdirmək, professional və həvəskar fotoqraflara öz işlərini sərgiləmək fürsəti yaratmaq olub. Yarışda 10 ölkədən 50 fotoqraf iştirak edib.
Mərasimdə çıxış edən TEAS-ın direktoru Lionel Zetter təmsil etdiyi qurumun fəaliyyəti və keçirilən müsabiqələr haqqında məlumat verib, “Bakı-2015” Avropa Oyunları ərəfəsində belə bir müsabiqənin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Müsabiqənin qalibi azərbaycanlı fotoqraf Dilavər Nəcəfov Azərbaycanın son illərdəki nailiyyətlərinə toxunaraq ölkə rəhbərliyinin idmana olan xüsusi qayğı və diqqətindən bəhs edib. D.Nəcəfov bu cür müsabiqənin qalibi olmaqdan qürur hissi keçirdiyini ifadə edib, təşkilatçılara minnətdarlığını bildirib.
Üçüncü yerə layiq görülən azərbaycanlı fotoqraf Rüfət Abbas müsabiqədə iştirak etməkdən şad olduğunu deyib, onun təşkilinə görə TEAS-a təşəkkürünü bildirib.
Münsiflər heyətinin üzvü Əqdəs Bağırzadə müsabiqədə jüri kimi iştirak etməyin çətinliklərindən danışıb. İştirak edən bütün fotolarda yüksək sənətkarlığın əks olunduğunu vurğulayan Ə.Bağırzadə dəyərləndirmənin və qərar verməyin olduqca çətin olduğunu bildirib. Çıxışının sonunda Ə.Bağırzadə təşkilatçılara təşəkkürünü çatdırıb, iştirak edən fotoqraflara karyeralarında uğurlar arzulayıb.
Münsiflər heyətinin digər üzvü Filip Ratmer müsabiqənin gedişi və dəyərləndirmə prosesi haqqında məlumat verib, Azərbaycanla bağlı müsabiqədə jüri kimi iştirak etməkdən məmnunluğunu ifadə edib.
Tədbir çərçivəsində “Bakı-2015”dən bəhs edən qısa film nümayiş etdirilib.
Daha sonra sərgiyə baxış olub.
Qeyd edək ki, sərgidə Azərbaycan Dövlət İnformasiya Agentliyinin fotomüxbiri Aydın Oqtayoğlunun da fotoları nümayiş etdirilib. Müsabiqədə iştirak edən 3 min fotodan 65 foto seçilərək sərgilənib. A.Oqtayoğlunun 4 fotosu sərgilənən fotolar arasında böyük maraq doğurub.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London