DÜNYA
Londonda Culian Assanjın işi üzrə dinləmələr başlayıb
Bakı, 11 aprel, AZƏRTAC
Londonda Vestminster Magistr Məhkəməsi “WikiLeaks” saytının banisi Culian Assanjın işi üzrə iclasa başlayıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Assanjın özü də məhkəmədə iştirak edir. Tərəflər cinayət işinin materialları ilə tanış olmağa başlayıblar.
Aprelin 11-də Ekvador hökumətinin razılığından sonra “Scotland Yard” Assanjı bu ölkənin səfirliyində həbs edib. Britaniyanın xarici işlər naziri Ceremi Hant həmin addıma görə Ekvador Prezidenti Lenin Morenoya minnətdarlığını bildirib. “WikiLeaks” isə öz növbəsində Ekvador hakimiyyətini beynəlxalq hüququ pozaraq Assanjın siyasi sığınacağına son qoymaqda günahlandırıb.
Xatırladaq ki, Culian Assanj 2012-ci ildən siyasi sığınacaq tələbi ilə müraciət etdiyi Ekvadorun Londondakı səfirliyində gizlənirdi. O, məxfi sənədləri dərc etməkdə ittiham olunduğu ABŞ-a ekstradisiya edilə bilər. Assanj, həmçinin 2010-cu ildə İsveçdə seksual cinayətdə də ittiham edilir.