QAN YADDAŞI


Los-Ancelesdə qanlı 20 Yanvar faciəsinə həsr edilmiş film hazırlanıb VİDEO

Bakı, 20 yanvar, AZƏRTAC

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu tərəfindən 20 Yanvar faciəsinə həsr olunmuş qısa film hazırlanıb.

Baş konsulluqdan AZƏRTAC-a bildiriblər ki, ingilis dilində hazırlanan filmdə 1987-ci ildən başlayaraq Ermənistanda azərbaycanlılara qarşı poqromların başlandığı, ermənilərin azərbaycanlılar yaşayan kəndlərə hücum edərək yüzlərlə mülki azərbaycanlını qətlə yetirdikləri qeyd olunur. Nəticədə 250 min azərbaycanlının Ermənistandan kütləvi şəkildə didərgin salındığı bildirilir.

Bütün bunların, eyni zamanda, Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları qaldırmasının Azərbaycanda kütləvi etirazlara gətirib çıxardığı, bunun da tezliklə milli azadlıq hərəkatına çevrildiyi vurğulanır. Azadlıq hərəkatının vəhşicəsinə yatırılması məqsədilə SSRİ-nin o vaxtkı rəhbəri M.Qorbaçovun əmri ilə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun 26 minlik kontingentinin Bakıya hücum etdiyi və dinc nümayişçiləri qətlə yetirdiyi diqqətə çatdırılır. Bildirilir ki, hücum nəticəsində uşaqlar və qadınlar da daxil olmaqla, 150-yə yaxın azərbaycanlı mülki şəxs həlak olub, 700-dən çox insan yaralanıb.

Filmdə Qorbaçov rejiminin Azərbaycan xalqının iradəsini sındıra bilmədiyi, milyonlarla azərbaycanlının küçələrə axışaraq faciə qurbanlarını yad etdiyi qeyd olunur.

Ekran əsərində o vaxt ümummilli lider Heydər Əliyevin Qara Yanvar qətliamını kəskin şəkildə qınadığı diqqətə çatdırılır, onun Azərbaycan SSR-in Moskvadakı Daimi Nümayəndəliyində etdiyi çıxışdan bir hissə təqdim olunur.

SSRİ rəhbərliyinin göstərdiyi vəhşiliyin Azərbaycan xalqının öz müstəqilliyini əldə etməsinə mane ola bilmədiyi vurğulanır. Müstəqilliyin ilk illərində Ermənistanın ölkəmizin ərazisinin 20 faizini işğal etdiyi, 800 min azərbaycanlını öz doğma yurdlarından didərgin saldığı diqqətə çatdırılır. Həmçinin bildirilir ki, 2020-ci ildə Azərbaycan Ordusu işğal altında olan əraziləri cəmi 44 gün ərzində azad edib.

Filmdə qanlı Yanvar faciəsindən 31 il sonra Azərbaycanın azad, çiçəklənən və güclü dövlət olduğu, Qafqazı sülh və əməkdaşlıq regionuna çevirmək üçün səylər göstərdiyi diqqətə çatdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.