İQTİSADİYYAT
MDB ÖLKƏLƏRİ BAŞ NAZİRLƏRİNİN MÜAVİNLƏRİ QARŞILIQLI TİCARƏTDƏ MƏHDUDİYYƏTLƏRİN MƏRHƏLƏ-MƏRHƏLƏ LƏĞV OLUNMASI TƏKLİFLƏRİNİ MÜZAKİRƏ EDƏCƏKLƏR
19-cu iclasın müzakirə mövzusu Birlik dövlətlərinin qarşılıqlı ticarətində məhdudiyyətlərin mərhələ-mərhələ götürülməsi təklifləri və antiinhisar siyasəti sahəsində əməkdaşlığın istiqamətləri olacaqdır.
İclasda təbii sərvət ehtiyatlarının yaradılması və Birlik ölkələri elektrik enerjisi sistemlərinin sabit işləməsini təmin etmək üçün bu ehtiyatlardan səmərəli istifadə olunması haqqında sazişin layihəsindən, habelə valyuta sahəsində əməkdaşlığın layihəsindən söhbət gedəcəkdir.
İqtisadi Şura sənaye mülkiyyətinin qorunması və bu mülkiyyətin mühafizəsi məsələləri üçün Dövlətlərarası Şura yaradılması sahəsində tədbirlər haqqında 1993-cü il 12 mart tarixli sazişin gerçəkləşdirilməsinin gedişini də nəzərdən keçirəcəkdir.
İclasın gündəliyinə “Mir” Dövlətlərarası Teleradio Şirkəti teleradio yayımlarının inkişaf konsepsiyasının maliyyə-iqtisadi cəhətdən təmin edilməsi layihəsinə dair məsələ və digər məsələlər də daxildir.