İQTİSADİYYAT
MİDA-nın ilk layihəsi olan Yasamal Yaşayış Kompleksi ilə bağlı internet səhifəsi istifadəyə verilib YENİLƏNİB
Bakı, 16 noyabr, Ramiz Quliyev, AZƏRTAC
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksi haqqında məlumatların ətraflı təqdim olunduğu internet səhifəsi istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, bu barədə noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin aparat rəhbəri Anar Quliyev bildirib.
Aparat rəhbəri qeyd edib ki, Yasamal Yaşayış Kompleksinin www.yasamal.mida.az ünvanında yerləşən internet səhifəsi istifadədə rahatlığı və funksionallığı, o cümlədən informasiya əldə etmək və komplekslə bağlı yarana biləcək suallara asan cavab tapmağı ilə seçilir.
Səhifəyə daxil olan hər kəs 5 əsas bölmədən ibarət menyu vasitəsilə Yasamal Yaşayış Kompleksinin hər bir binası, mənzillərin daxili və xarici perimetr üzrə sahələri, otaqlarının sayı, interyer nümunələri, tikinti ərazisinin baş planı ilə tanış ola bilər.
Bununla yanaşı, Yasamal Yaşayış Kompleksinin layihələndirilməsi zamanı xüsusilə diqqət yetirilən amillər, sakinlərin rahatlığı üçün yaradılan şərait, nəqliyyat infrastrukturu, mənzillərin təmiri, istifadə olunan inşaat materialları haqqında ətraflı məlumat əldə etmək mümkündür.
İnternet səhifəsində, həmçinin güzəştlə mənzil əldə etmək hüququna malik olan şəxslər, həmin şəxslər üçün müraciət qaydası, mümkün ödəniş üsulları, “MİDA” MMC ilə əməkdaşlıq edən agent banklar və vətəndaşları maraqlandıran digər zəruri məlumatlar əldə etmək üçün müvafiq səhifələrə keçidlər təqdim olunur.
A.Quliyev vurğulayıb ki, istifadəyə verilmiş yeni internet səhifəsi hər bir vətəndaş üçün Yasamal Yaşayış Kompleksi barədə ətraflı məlumat əldə etmək imkanını təmin edir.
Növbəti mərhələdə “Elektron hökumət” portalında “Güzəştli mənzil” sistemində yeni satış modulu istifadəyə veriləcək. Mənzillərin satışı ilə bağlı elan verildikdən sonra “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olan vətəndaşlar mənzilləri sistem vasitəsilə seçə biləcəklər.
Tədbir iştirakçılarına www.yasamal.mida.az saytı təqdim olunub, bölmələr üzrə geniş məlumat verilib.