İQTİSADİYYAT
MİLLİ BANKLA “PRİCE WATER HOUSE COOPERS” AUDİTOR ŞİRKƏTİ ARASINDA MÜQAVİLƏ İMZALANMIŞDIR
Milli Bankın 2002-ci il ərzində maliyyə-təsərrüfat fəaliyyətinin beynəlxalq mühasibat uçotu standartlarına uyğun auditinin keçirilməsi üçün “Price water house Coopers” şirkəti ilə müqavilə imzalanmışdır. Milli Bankın mətbuat xidmətindən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, audit işləri 2003-cü il iyulun sonunadək başa çatdırılmalıdır.Auditor rəyi ilə birlikdə ilin yekunları haqqında hesabat “Azərbaycan Respublikasının Milli Bankı haqqında” Qanunun 43-cü maddəsinə əsasən Azərbaycan Prezidentinə təqdim ediləcəkdir.Xatırladaq ki, Milli Bankın 2002-ci il ərzində maliyyə-təsərrüfat fəaliyyətinin auditinin keçirilməsi üzrə öncə iki dəfə açıq tender keçirilmişdi. Lakin "Dövlət satınalmaları haqqında" Qanununun 11.1-ci maddəsinin tələbinə əsasən müvafiq sayda iddiaçının tender təkilifləri verməməsi səbəbindən həmin tenderlər baş tutmamış hesab edilmişdi. Nəticədə Milli Bank Prezident qarşısında müvafiq təkliflə çıxış etmiş və Prezidentin razılığı ilə dünyanın ən aparıcı dörd auditor şirkətindən biri olan, daha əvvəl Milli Bankın auditini keçirmiş “Price water house Coopers” şirkəti ilə müqavilə imzalanmışdır.