CƏMİYYƏT
Macarıstan hökuməti: ölkədə xəstəxanalar bağlanmır, əksinə, onların sayı artır
Budapeşt, 22 noyabr, AZƏRTAC
Macarıstan hökuməti ölkədə əhaliyə tibbi xidmətin səviyyəsini və səhiyyə işçilərinin həyat şəraitini yaxşılaşdırmağı planlaşdırır. Bu barədə AZƏRTAC-ın müxbirinə ölkənin Səhiyyə Nazirliyində məlumat veriblər.
Son vaxtlar Macarıstan KİV-lərində yayılmış məlumata görə, yaxın gələcəkdə ölkədə xəstəxanaların bağlanacağı gözlənilir. Səhiyyə Nazirliyinin nümayəndəsi İldiko Molnar bu şayiələri təkzib edərək deyib: “Müxalifətçi mətbuat qəsdən yalan informasiya yayır”.
İ.Molnar xatırladıb ki, 2006-2007-ci illərdə, Ferens Dürçaninin başçılıq etdiyi hökumətin dövründə xəstəxanalar bağlanıb, beş min səhiyyə işçisi işdən çıxarılıb, həkimlər dolanışıq vəsaitindən məhrum olub, milli səhiyyə müəssisələri və müvafiq mərkəzlər məhv edilib.
Agentliyin müsahibi daha sonra deyib: “Müxalifət vaxtilə özünün törətdiyi əməllərə görə günahını bizim üstümüzə atmaq istəyir”.
Molnar qeyd edib ki, 2010-cu ildən bəri Fides hökuməti bugünkü müxalifət sıralarından olan sələfləri tərəfindən səhiyyə sisteminə vurulmuş ziyanı yumşaltmağa nail olub.
İ.Molnar hökumətin “skrininq” proqramı barədə də söhbət açaraq bildirib ki, həmin proqrama əsasən xüsusi avadanlıqla təchiz olunmuş avtobuslar yaxınlıqda yerləşən şəhərlərə getməyə imkanı olmayan pasiyentlərə yardım göstərmək üçün ucqar kəndlərə göndərilir. O deyib: “Hökumətin bir il bundan əvvəl başladığı yoğun bağırsaq xərçənginin skrininqi proqramı 415 pasiyentdə bu xəstəliyi erkən mərhələdə diaqnozlaşdırmağa və həmin insanların həyatını xilas etməyə imkan verib”.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt