SİYASƏT


“Mainichi shimbun” qəzeti: Beynəlxalq ictimaiyyət Ermənistana təzyiq göstərməlidir

“Mainichi shimbun” qəzeti: Beynəlxalq ictimaiyyət Ermənistana təzyiq göstərməlidir

Tokio, 5 oktyabr, AZƏRTAC

Beynəlxalq ictimaiyyət Azərbaycan torpaqlarını 30 ildir işğal altında saxlayan Ermənistana təzyiq göstərməlidir.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiyanın nüfuzlu “Mainichi shimbun” qəzetinə müsahibəsində Azərbaycanın bu ölkədəki səfiri Gürsel İsmayılzadə bildirib. Səfir qeyd edib ki, münaqişənin sülh yolu ilə həlli istiqamətində ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar məhz Ermənistan rəhbərliyinin qeyri-konstruktiv mövqeyi səbəbindən nəticə verməyib. Əksinə, 2018-ci ildə Ermənistanda hakimiyyətə gələn baş nazir Nikol Paşinyan ötən il işğal altında olan torpaqlara gedərək belə bir bəyanat verib: “Dağlıq Qarabağ Ermənistandır və nöqtə”. Bununla yanaşı, Ermənistan tərəfi Azərbaycanın yalnız Dağlıq Qarabağ bölgəsini deyil, həmçinin digər ərazilərini də işğal etməklə bağlı çağırışlar səsləndirib.

Səfir bildirib ki, Ermənistan rəhbərliyi daxili problemlər, koronavirus pandemiyası ilə bağlı yaranmış ağır vəziyyətdən əhalinin diqqətini yayındırmaq üçün Azərbaycana qarşı təxribatlara, o cümlədən bu ilin iyulunda Tovuz rayonu istiqamətində növbəti təcavüzə əl atıb. Azərbaycan rəhbərliyi isə bu təxribatların qarşısını almaq, öz ərazilərini işğaldan azad etmək və dinc əhalinin təhlükəsizliyini qorumaq məqsədilə əks-hücum əmri verib.

Diplomat Ermənistanın guya Türkiyənin Azərbaycan tərəfdən döyüşlərə qatılması barədə yaydığı informasiyaların da yalan olduğunu bildirib. Vurğulayıb ki, bu, tam yalan məlumatdır, bunu sübut edən heç bir fakt yoxdur. Türkiyə, sadəcə olaraq, bəyan edib ki, Azərbaycanın mövqeyini dəstəkləyir. Ermənistan özü Suriyadan və Livandan gətirilən erməni yaraqlılarını döyüşlərə cəlb edib. Ermənistanın əsas məqsədi üzv olduğu siyasi-hərbi alyansı - Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını münaqişəyə cəlb etməkdir.

Dağlıq Qarabağ regionu ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri xatırladan G.İsmayılzadə həmin sənədlərdə Ermənistan qoşunlarının işğal altındakı ərazilərdən çıxarılmasının və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinin tələb olunduğunu xatırladıb.

Müsahibədə Azərbaycanla Ermənistan arasında hazırda yaşanan və bütün dünyanın diqqətini cəlb edən son təxribatlara da toxunulub. Qeyd edilib ki, son silahlı toqquşmalar zamanı ermənilər Azərbaycanın cəbhə xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələrində dinc əhalini ağır artilleriyadan, iriçaplı silahlardan atəşə tutublar.

Səfir vurğulayıb ki, Azərbaycan regionda sülhün bərqərar olmasını, bərabər, dinc yaşamağı arzulayır. İstəyir ki, erməni qoşunları beynəlxalq hüququn tələblərinə uyğun olaraq, işğal altındakı torpaqları tərk etsin. Lakin ermənilər Dağlıq Qarabağ bölgəsini Azərbaycandan ayırmaq istəyirlər ki, bunun da nəticəsində danışıqlar mənasını itirir.

G.İsmayılzadə qeyd edib ki, Ermənistan Dağlıq Qarabağda yaşayan Azərbaycan əhalisini evlərindən didərgin salıb, lakin Azərbaycan dinc erməni əhalisini qovmaq niyyətində deyil. Buna görə də beynəlxalq ictimaiyyət, o cümlədən Yaponiya Ermənistana daha güclü təzyiq göstərməlidir.

Müsahibəyə qəzetin redaktorunun xüsusi şərhi də əlavə edilib. Şərhdə bildirilir ki, Dağlıq Qarabağda silahlı qarşıdurma keçmiş Sovet İttifaqı zamanı, ötən əsrin 80-ci illərində başlayıb. Azərbaycanın ərazisi olan Dağlıq Qarabağ Muxtar Respublikasında sayca üstünlük təşkil edən erməni əhalisi Azərbaycandan ayrılaraq Ermənistana birləşmək tələbi ilə çıxış edib. Ermənistanın da qoşulduğu münaqişədə 20 mindən artıq insan həlak olub. Sovet İttifaqı dağıldıqdan sonra atəşkəs rejimi barədə razılıq əldə edilsə belə, Ermənistan qoşunları əraziləri işğal altında saxlayıb. Bu dəfə sentyabrın 27-də səhər saatlarında başlayan silahlı qarşıdurma nəticəsində hər iki tərəf itkilər verib. Silahlı qarşıdurma başlayandan bəri hər iki tərəfdən təqribən 230 nəfərin həlak olduğu qeyd edilib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.