İQTİSADİYYAT
Maliyyə Bazarlarına Nəzarət Palatası Qiymətli Kağızlar Komissiyalarının Beynəlxalq Təşkilatının üzvlüyünə qəbul edilib
Bakı, 13 iyun, AZƏRTAC
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Qiymətli Kağızlar Komissiyalarının Beynəlxalq Təşkilatının (IOSCO) üzvlüyünə qəbul edilib.
MBNP-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, "Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə kapital bazarlarının inkişaf etdirilməsi, emitent və investorların aktivliyinin artırılması strateji hədəfi istiqamətində həyata keçirilən çoxsaylı tədbirlər nəticəsində Maliyyə Bazarlarına Nəzarət Palatası növbəti uğura imza atıb. Belə ki, bu il aprelin 27-də Qiymətli Kağızlar Komissiyalarının Beynəlxalq Təşkilatının Katibliyinə rəsmi qaydada müraciət etmiş MBNP IOSCO-nun idarə heyətinin qərarına əsasən cari ilin iyun ayından təşkilatın assosiativ üzvlüyünə qəbul edilib.
IOSCO qiymətli kağızlar bazarına nəzarət üzrə qlobal standartları müəyyən edən, bu istiqamətdə tənzimlənmə və nəzarət, risklərin müəyyənləşdirilməsi və minimallaşdırılması, habelə maliyyə bazarlarına təsir edə bilən digər məsələlər üzrə xüsusi əməkdaşlıq platformasını təmin edən beynəlxalq təşkilatdır.
IOSCO-nun üzvü olaraq, respublikamızı təmsil edən Maliyyə Bazarlarına Nəzarət Palatası qiymətli kağızlar bazarının tənzimlənməsi üzrə standartların hazırlanması, tətbiqi və beynəlxalq səviyyədə harmonizasiyası prosesində iştirak etmək, həmçinin IOSCO-nun təcrübə mübadiləsi, təlim proqramları və biliklərin bölüşdürülməsi platformasından faydalanmaq imkanı əldə edəcək. Bununla yanaşı, palata IOSCO-nun daxili komitələrində, o cümlədən Prezidentlər komitəsi, Avropa regional komitəsi, inkişaf etməkdə olan bazarlar komitəsində təmsil olunacaq.
IOSCO-ya üzvlük ölkənin qiymətli kağızlar bazarının qabaqcıl meyarlara uyğunluğunun göstəricisi olmasını nəzərə alaraq, Azərbaycana beynəlxalq investorların cəlbini mümkün edəcək. Bu da, öz növbəsində, qiymətli kağızlar bazarının inkişafına töhfə verəcək.