İQTİSADİYYAT
Maliyyə sektorunda çalışan mütəxəssislər üçün seminar keçirilib
Bakı, 15 may, AZƏRTAC
Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı, beynəlxalq təşkilatların iştirakı ilə "Maliyyə və rəqəmsal texnologiyalar həftəsi" çərçivəsində tədbirlərin keçirilməsi davam etdirilir.
Palatadan AZƏRTAC-a bildirilib ki, növbəti tədbir "Visa Inc." beynəlxalq kart təşkilatı tərəfindən maliyyə sektorunda çalışan mütəxəssislərin bilik və bacarıqlarının daha da artırılması, bu sahədə maliyyə savadlılığının yüksəldilməsi məqsədilə keçirilib.
"Visa Inc" təşkilatının MDB və Cənub-Şərqi Avropa ölkələrində risklər üzrə baş direktoru Larisa Makarova və eyni region üzrə risklər üzrə direktor Elnura Djenis tərəfindən ödəniş kartları sahəsində risklər və onların idarə edilməsinə cəlb olunmuş mütəxəssislər üçün "Fırıldaqçılıq hallarının qarşısının alınması: ənənəvi hallar və innovativ ödəniş texnologiyalarının istifadəsi" mövzusunda seminar təşkil edib. Tədbirdə innovativ ödəniş texnologiyaları və ödəniş kartları ilə aparılan əməliyyatlarda fırıldaqçılıq halları, fırıldaqçılıq əməliyyatları üzrə statistik göstəricilər və bu kimi hallarla mübarizə tədbirləri, həmçinin regionda müşahidə olunan son trendlər müzakirə edilərək qarşılıqlı fikir mübadiləsi aparılıb.