İQTİSADİYYAT
Marşrutlarda avtobus sürücülərinə qarşı nəzarət gücləndirilir
Bakı, 21 fevral (AZƏRTAC). Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) avtobus sürücülərinə qarşı nəzarəti gücləndirir.
AZƏRTAC xəbər verir ki, bu sözləri NİİM-in ötənilki fəaliyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş konfransda mərkəzin baş direktoru Elnur Abdullayev demişdir.
Ötən il Bakı şəhərində fəaliyyət göstərən marşrutlara və dayanacaqlarda quraşdırılan 604 avtobus informasiya terminalına nəzarətin həyata keçirildiyini deyən baş direktor qeyd etmişdir ki, avtobus bort avadanlığından çəkilmiş şəkillərin 4 min 339-u mobil telefondan istifadə və 2 min 562-si isə siqaret çəkilməsi ilə bağlı olmuşdur. Bu faktlar üzrə də müvafiq tədbirlər görülmüşdür. İl ərzində mütəmadi olaraq sürücülər tərəfindən yol verilən qayda pozuntuları NİİM tərəfindən qeydə alınaraq tədbir görülməsi üçün hüquqi və fiziki şəxslərə bildirilmiş, “Bakı Sərnişin Nəqliyyatı” MMC-yə bu barədə məlumatlar verilmişdir.