Masallı məktəblisi şahmat üzrə onlayn Respublika birinciliyində ikinci yeri tutub
AzerTAg.az
Masallı, 23 fevral, Bağır Əliyev, AZƏRTAC
“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş şahmat üzrə onlayn Respublika birinciliyində Masallı məktəblisi uğurla çıxış edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2004-cü il təvəllüdlü və daha kiçik yaşlılardan ibarət Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin və şahmat klublarının komandalarının iştirak etdiyi yarışda Masallı şəhərindəki “Dəfinə” məktəb-liseyinin XI sinif şagirdi, Rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin yetirməsi Mirseyidəli Talıbzadə ikinci yerə layiq görülüb.
Qeyd edək ki, 10 yaşından şahmatla məşğul olan Mirseyidəli Talıbzadə 2017-ci ildə Astara şəhərində keçirilmiş 16 yaşadək yeniyetmə və gənclərin Respublika Şahmat Olimpiadasında da ikinci yerə sahib olub.


Xəbərin mətnində orfoqrafik səhv var